Litva Avropa İttifaqının Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni miqrantların yalnız bir hissəsini qəbul etməyə hazırdır və kvotanın 40 nəfərə endirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Vilnüs qalan şəxsləri qəbul etməməyə görə tələb olunan rüsumu ödəməyə razıdır.
Ritorika.az xəbər verir ki,bu barədə baş nazir İnqa Ruqiniene hökumətin iclasında məlumat verib.
“Mövqeyimiz ondan ibarətdir ki, biz miqrantları 2026-cı ilin iyununda qəbul etməyə hazırıq, lakin kvotanın 40 nəfərə endirilməsini xahiş edəcəyik”, – Ruqiniene bildirib.
Baş nazirin sözlərinə görə, kvotanın azaldılması müraciəti miqrantların təhlükəsizliyi və uyğunlaşması ilə bağlı narahatlıqlardan irəli gəlir. “Səlahiyyətli qurumlar bu şəxsləri hərtərəfli yoxlamalı və onların təhlükəsiz inteqrasiyasını təmin etməlidir”, – o əlavə edib.
Aİ Miqrasiya Paktına əsasən, üzv dövlətlər Afrikadan Aİ-nin cənub ölkələrinə daxil olan müəyyən sayda qeyri-qanuni miqrantı qəbul etməli və ya onların qəbulundan imtina etdikləri halda uyğun məbləğdə ödəniş etməlidirlər. Litva 158 qeyri-qanuni miqrantı qəbul etməli və ya 3,28 milyon avro ödəməlidir. Vilnüs məbləğin yarısını artıq ödəyib, digər yarısını isə qəbul etməyə razıdır, lakin ümumi kvotanın 40 nəfərə endirilməsinə nail olmağa çalışacaq.
Ritorika.az
