Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Füzuli şəhər sakini Anar Hüseynov deyib.
1979-cu ildə Füzuli şəhərində anadan olan həmsöhbətimiz doğma yurdu Ermənistan tərəfindən işğal olunan zaman 15 yaşında olub. Onun sözlərinə görə, bu şəhərin yerlə-yeksan edilən hissələrinə baxan zaman işğal günlərini ürək ağrısı ilə xatırlayır: “Lakin Füzulinin yenidən qurulmasını görəndə qürur hissi keçirirəm”.
A.Hüseynov məcburi köçkün kimi yaşadığı dövrlə bağlı çətinliklərdən danışıb: “Füzulidən köçəndən sonra Beyləqanda məskunlaşmışdıq. Daha sonra Bakı şəhərinə köçdük və qarajda yaşayırdıq. Çox çətin günlərimiz olub. Təsəvvür edin, kiçik bir yerdə yaşayırdıq. Yay çox isti, qış isə soyuq keçirdi. Allaha şükürlər olsun, bu günümüzə gəlmişik. Geniş və çox gözəl otaqları olan evə sahibik”.

O, ailəsi ilə birlikdə Füzuliyə 2 ay qabaq köçdüyünü xatırladıb: “Burada gördüklərimə əsasən deyə bilərəm ki, belə yaradılan müasir şəraitdən kimsə narazı qala bilməz. İlk öncə qeyd etmək istərdim ki, Füzulidə qısa müddət ərzində çox böyük, gözəl işlər görülüb. Müasir standartlara uyğun olaraq, geniş otaqlı evlər inşa edilib”.
A.Hüseynov hesab edir ki, hər bir keçmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərə qayıtmalıdır: “Burada yaşamaq hər birimizin borcudur, çünki bu torpaqların hər qarışında bizim firavan yaşamağımız üçün canını fəda edən şəhidlərimizin qanı var. Odur ki, mən burada nədən və niyə narazı olmalıyam?!”
