Finlandiya ABŞ-dən F-35 çoxməqsədli qırıcı təyyarələri üçün AMRAAM (Qabaqcıl Orta Mənzilli Hava-Hava) raketləri alacaq. Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ritorika.az xəbər verir ki, açıqlamada bildirilir ki, Finlandiya müdafiə naziri Antti Häkkänen Respublika Silahlı Qüvvələrinə AIM-120 AMRAAM raketlərinin alınmasına icazə verib. Raketlər F-35A təyyarələri ilə tam uyğun olacaq.
Raketlər Amerikanın RTX (əvvəllər Raytheon Technologies) şirkətinin törəmə şirkəti olan Raytheon tərəfindən təmin ediləcək. Finlandiya Silahlı Qüvvələri isə lazımi sənədlər, komponentlər və təlim xidmətlərini alacaq. İstehsalçı həmçinin Finlandiya hərbi qulluqçuları üçün nəqliyyat, texniki xidmət və təlim xidmətlərini təmin edəcək.
Nazirlik qeyd edib ki, AMRAAM-lar F/A-18 Hornet təyyarələrində də istifadə olunur, lakin Finlandiyada alınacaq raketlər yalnız F-35 təyyarələrində tətbiq ediləcək.
Xatırladaq ki, 2022-ci ildə Finlandiya ABŞ-nin Lockheed Martin şirkəti ilə 64 ədəd F-35A Lightning II çoxməqsədli qırıcı təyyarələrinin alınması barədə müqavilə imzalamışdı.
Niyaz Hacıyev
