Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün azsaylı xalqların nümayəndələri Vətən müharibəsində bir nəfər kimi iştirak etdilər. Bu da ölkəmizdə aparılan tolerant siyasətin nəticəsi kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 15-də Bakıda keçirilən “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev səsləndirib.
Ölkəmizdə tolerantlığın əsasının bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran S.Nağıyev deyib: “Azərbaycanda tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə çevrilməsində, onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda təbliğ edilməsində, eləcə də dünyada nümunə kimi qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu müdrik və uzaqgörən siyasət Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir”.