XI-XII əsrlər Şirvanda anadilli şeirin, xalq şeiri üslubunun, aşıq sənətinin tərəqqi edib yüksəlməsi ilə də əlamətdar idi. Həsənoğlu anadilli şeirin ilk yazılı nümunələrini yaratdığı kimi, Şirvanşahlar sarayı ozan yaradıcılığı zəmnində meydana çıxan aşıq ifaçılığı institutunun formalaşmasında fəal rol oynadı.
Bunu filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Şirvan aşıq məktəbi ilə bağlı yazısında qeyd edib. AZƏRTAC yazını təqdim edir.
Aşıq sənətinin peşəkar ifaçılığının formalaşmasında saray mühitinin təsiri xüsusilə güclü idi. XI-XII əsrlərdə Şirvanşahlar sarayında ozan dəstələri fəaliyyət göstərirdi, Şirvanşahlar dövləti aşıq sənətinə xüsusi diqqət yetirir, peşəkar ifaçıların cəmiyyətdəki nüfuzuna önəm verirdilər. Artıq XI-XII əsrlərdə Şirvanda saz sənəti, xalq şeiri şəkilləri kütləviləşərək xalqın milli məişətinə daxil olmuşdu. Nəhayət XIII-XIV əsrlərdə Şirvan aşıq məktəbi özünün peşəkar ifaçılıq və dastançılıq repertuarını bərqərar etdi. Ozan üslubunu əsas götürməklə təkkə-dərviş, qam-şaman ənənlərindən tamaliylə fərqli ifaçılıq və improvizatorçuluq institutu kimi şöhrətləndi. Xalq şeirinin aparıcı şəkilləri ifaçı aşıqların repertuarında yeni yaradıcılıq mərhələsinə qədəm qoydu. Nağıl süjeti də aşıqların repertuarına daxil oldu. “Şah İsmayıl”, “Əsli Kərəm”, “Aşıq Qərib” və başqa dastanlar aşıqların yaradıcılığında daha çox yer almağa başladı.
Anadolu aşıq ənənələri məhdud çərçivədə qalmadı, sürətlə yaxın və uzaq ellərə yayıldı, ilk mükəmməl törənişini isə Şirvanda tapdı. Şirvan aşıq məktəbi həmin dövrdə yeni yaradıcılıq-ənənələrini bərqərar etdi. Molla Qasımın şəxsində Şirvan aşıq məktəbi forma, məzmun və sənətkarlıq baxımından yeni mərhələyə yüksəldi. Şirvan aşıq məktəbinin ən şöhrətli ustadları Şirvanlı Dədə Kərəm və Dədə Yedgardı. Dədə Kərəmin Molla Qasımın şəyirdi olduğu güman edilir. XIV əsr Şirvan aşıq şeirinin və dastan yaradıcılığının geniş bir mərhələsi onun adı ilə bağlıdır.
Şirvan aşıq məktəbinin Molla Qasımdan sonrakı dövrdə saz tutub söz qoşan böyük söz ustası Dədə Yedgardır. Aşıq repertuarı XIV –XV əsrlərdə Şirvanda daha da inkişaf edirdi. Həmin dövrdə Şirvan aşıq məktəbi bir sıra şöhrətli sənətkarları ilə tanınırdı. Onlardan Mövlanə Şirvani, Sədi Şirvani, Ağa Həsən Pirsaatlı, Baba bəy Kirdimani, Sultan xan Alpani, Xurşüd bəy Bakuvi və başqalarının adlarını çəkmək mümkündür. Bu məktəbin XV yüzillikdə tanınan nümayəndələrindən biri Aşıq Köçər idi. Aşıq Köçər el arasında “Vanlı Göyçək”, “Vanlı Köçər” təxəllüsü ilə də məşhur olub. Şirvan aşıq məktəbinin ustad sənətkarlarından Aşıq Saleh, Karkər Əhməd, Məlikballı Qurban və başqaları klassik aşıq ənənələrini yaşadıblar. XVIII əsrin ortalarından Şirvanda aşıq şeirinin yeni yüksəlişi Padar Surxay, Yetim Həsən, Şabranlı Haşım, Ustad Mirzə kimi sənətkarların xalq şeirini dirçəltməyi ilə davam etdirildi. Şirvan aşıqları saz havalarının özlərinə məxsus variantlarını yaratmaqla, Şirvan aşıq sənəti üçün ənənəvi olan aşıq musiqisini inkişaf etdirdilər. Onlardan “Şirvan şikəstəsi”, “Sarıtorpaq şikəstəsi”, “Koroğlu zəngisi”, “Şirvan dubeyti”, “Şirvan gözəlləməsi” və sairə kimi aşıq havaları bu gün də ifa edilməkdədir.
Tanınan aşıqlardan biri Aşıq Musadır. Bəzən Molla Musa, Udulu Musa kimi də təqdim edilən aşığın “Dilbər”, “Ana Kür”, “Gülümleyla”, “Apardı”, “Qalmadı” kimi şeirləri dillər əzbəridir.
Şirvan aşıq məktəbinin qadın aşıqları da məşhurdur. Gövhər Şirvani, Güllübəyim, Minabəyim kimi qadın aşıqlarının şəxsində aşıq yaradıcılığının yeni bir qolu yaranır. Daha sonra Aşıq Pəri, Aşıq Bəsti kimi ustad sənətkarlar yetişir.
Xaltanlı Tağıdan sonra sənətkarların yolunu davam etdirən Aşıq Rəcəb, daha sonra isə ustad sənətkar olan Molla Cümə Şirvan məktəbinin qüdrətini yüksəldib.
XIX əsrin ikinci yarısında Şirvanda qüdrətli sənətkarlar yetişib. Şirvanlı Əziz, Aşıq Daşdəmir, Aşıq Xeyrulla, Aşıq İsa, Aşıq Həmdulla, Agdaş aşıq mühitindən olan Aşıq İsmayıl, Kolanı Aşıq Mürsəl tanınan sənətkarlardan olublar. Aşıq Mirzə Bilalın Şirvan aşıq məktəbi üçün xidməti əvəzsizdir. Aşıq Bilal ömrünün ahıl çağında heç bir günahı olmadan həbs edilib, güllələnib. Repressiya qurbanlarındandır.
Aşıq Şərbət Cəfərov, Aşıq Abbas, Aşıq Qurbanxan, Aşıq Şakir Hacıyev müasirlərindən Aşıq Bəylər, Aşıq Məmmədağa, Aşıq Xanmusa, Aşıq Barat, Aşıq Qurbanxan, Aşıq Yadulla, Aşıq Əhməd, Aşıq Soltan, Aşıq Pənah və sairə kimi ustad sənətkarlar aşıq sənətinin qoruyucularına çevrildilər.
