İstənilən dövlətin müdafiə hüququ var və Gürcüstan qonşu Ermənistan və Azərbaycana tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri İliya Darçiaşvili Gürcüstanın Birinci Kanalının efirində Fransanın zirehli texnikasının Ermənistana verilməsini şərh edərkən bildirib.
Bundan əvvəl sosial şəbəkələrdə Gürcüstanın Poti limanında yüklərin boşaldılması zamanı zirehli avtomobillərin fotoları dərc edilmişdi. Ermənistan Müdafiə Nazirliyi tədarüklə bağlı məlumatı şərh etməyib, Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığı ilə bağlı rəsmi məlumatlardan başqa əlavə məlumat verə bilməyəcəyini bildirib.
Gürcü nazirin sözlərinə görə, adi silah növlərinə gəldikdə, istənilən dövlətin arsenalını onlarla doldurmaq hüququ var.
“Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə (Ermənistan və Azərbaycana – red.) tranzit imkanları vermək lazımdır. Məncə, burada lazımsız spekulyasiyalar yersizdir”, – Darçiaşvili əlavə edib.