Artıq 20 ildən artıqdır ki, hidrometeoroloji proqnozların tərtibatında Türkiyə istehsalı olan Turkmetkap proqramından geniş istifadə olunur.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.
Onun sözlərinə görə, peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan faktiki məlumatlarla yanaşı çoxsaylı proqnostik xəritələr, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır.
“Son illər ərzində hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsinə, avtomatlaşdırılmasına başlanıb. 2019-cu ildən dövlət investisiya layihələri çərçivəsində müasir meteoroloji dopler radiolokatorlar, yeni nəsil avtomat hidroloji, meteoroloji və dəniz stansiyaları alınaraq quraşdırılıb. Həmçinin dövlət investisiyası hesabına Milli Hidrometeorologiya Xidmətində təhlükəli hava hadisələrinin idarə olunması məqsədilə Situasiya Mərkəzi yaradılıb”,- deyə o bildirib.
O, ölkələrin meteorologiya xidmətlərinin əməkdaşlığının hüquqi cəhətdən nizamlanması məqsədilə hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsinin hazırlanmasını təklif edib:
“Həmçinin meteoroloji məlumat, bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə türk dövlətlərinin meteorologiya xidmətlərinin birgə istifadəsi məqsədilə internet saytının yaradılmasını təklif edirəm. Paris Sazişinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ölkələrimizdə Təkmilləşdirilmiş Şəffaflıq Formatına uyğun Monitorinq, Hesabatlılıq və Yoxlama (ÖHY- MRV) sisteminin qurulması üzrə təcrübə mübadiləsinin təşkil edilməsin, istilik Effekti Yaradan Qazların (İEYQ) inventarlaşdırılması, mitiqasiya və adaptasiya tədbirlərinin modelləşdirilməsi üzrə birgə təlimlərin keçirilməsi, müsbət təcrübənin bölüşülməsi məqsədilə elmi-texniki məlumatların, müvafiq təhsil proqramlarının təkmilləşdirilməsi, habelə birgə konfrans və simpoziumların təşkil edilməsini də təklif edirəm”.