Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) parlament fraksiyasının liderinin başqa bir partiyadan olan qanunvericilərə rüşvət verdiyini açıqladı. Avropa Həmrəyliyi Partiyasından olan deputat Oleksiy Qonçarenkonun sözlərinə görə, bu, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkodur.
Agentlik şübhəlinin və ya tərəflərin adını açıqlamır, yalnız “təfərrüatları sonradan” vəd edir. NABU özünün Telegram kanalında verdiyi açıqlamada bildirib ki, “NABU və SAP (İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ) Ukrayna Ali Radasındakı parlament fraksiyasının liderini bu şəxsin rəhbərlik etmədiyi fraksiyalara mənsub olan bir neçə millət vəkilinə müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs vermək müqabilində qeyri-qanuni güzəştlər təklif etməkdə ifşa ediblər”.
Tezliklə “Strana” nəşri Batkivşina partiyasının ofisində axtarışların aparıldığını bildirdi.
“Deməli, bu Yuliya Timoşenkodur. O, bir neçə millət vəkili ilə pul kompensasiyası və ya qeyri-rəsmi üzvlük üçün Batkivşina fraksiyasına qoşulmaq barədə danışıqlar aparıb. Millət vəkillərindən biri bu söhbətləri qeydə alıb və materialları NABU-ya təhvil verib”, – deyə Qonçarenko daha sonra yazıb. (Tass)
