Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır, onların bilik və bacarıqlarının inkişafını, vətənpərvərlik ruhunda formalaşmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının təşkili, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi, istedadlı gənclərə dövlət qayğısını əks etdirən “Qızıl kitab” təşəbbüsü bu siyasətin fundamental sütunlarıdır.
“Bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Gənclərin təhsili, karyerası, sosial rifahı, vətənpərvərlik ruhunda yetişməsi və ictimai-siyasi proseslərdə fəal iştirakı üçün geniş imkanlar yaradılıb. “Gənclər İli”, “Gənclər evi” sosial xidmət müəssisələri, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi və “Gənclər üçün Prezident Mükafatı” bu siyasətin real nəticələridir.
Dövlətimizin başçısının gənclərə etimad və dəstəyə əsaslanan siyasəti nəticəsində Azərbaycan gəncliyi ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, elm, təhsil, innovasiya, idman və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanır.
Xüsusilə qeyd olunmalıdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs və rəhbərliyi ilə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafında, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsində, elmə, təhsilə, mədəniyyətə və idmana cəlb olunmasında müstəsna rol oynayır. “Bakı-2015” Birinci Avropa Oyunları, “Eurovision-2012” kimi mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycan gəncliyinə yeni üfüqlər açıb, ölkəmizi dünya gənclərinin diqqət mərkəzinə çevirib”, – deyə Fatma Yıldırım vurğulayıb.
O hesab edir ki, Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz tarixi missiyasını şərəflə yerinə yetirib. Rəşadətli Ordumuzun sıralarında döyüşən igid gənclərimiz torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərərək şanlı Zəfəri xalqımıza bəxş ediblər. Eyni zamanda, informasiya müharibəsində fəal mövqe tutan gənclərimiz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayıblar.
“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi gənclər siyasəti bundan sonra da Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, dövlətimizin güclənməsinə və milli maraqlarımızın qorunmasına xidmət edəcək”, – deyə deputat əminliyini ifadə edib.
