Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində öldürülən oğlu Seyf əl-İslamın təhlükəsizlik xidməti hücumdan bir saat yarım əvvəl onu tərk edib. Bu barədə İstintaq Komitəsindəki mənbə Əl-Ərəbiyyə televiziya kanalına verdiyi şərhdə bildirib.
Mənbənin məlumatına görə, hücum edənlər “19 atəş açıblar ki, bunlardan biri başa dəyib”. Mənbə həmçinin iddia edir ki, “hücum zamanı CCTV kameraları işləyib”.
Cəmahiriyyə liderinin ikinci oğlu Seyf əl-İslam 3 fevralda 53 yaşında evində qətlə yetirilib. O, heç bir dövlət vəzifəsi tutmayıb, lakin 2011-ci ildə rejimin süqutuna qədər xarici siyasət danışıqlarında əsas rol oynayıb. Liviyada “Ərəb Baharı”ndan sonra o, edam cəzasına məhkum edilib, lakin hökm sonradan ləğv edilib. Qəddafinin oğlu 2021-ci ildə Liviyada parlament və prezident seçkiləri keçirilməyə cəhd edildikdə prezidentliyə namizədliyini irəli sürüb. Onun namizədliyinə reaksiya qarışıq olub: bir neçə bölgədə etirazlar başlayıb, lakin bəziləri ölkəni yenidən birləşdirə biləcək bir siyasətçi kimi ona ümid bəsləyirdi.
