AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında elmi ezamiyyədə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim Birləşmiş Krallığın bir sıra əlyazma xəzinələrində, kitabxana, arxiv və muzeylərində, o cümlədən Britaniya Kitabxanası və Britaniya Muzeyində (London, İngiltərə) tədqiqat aparıb, burada mühafizə olunan qədim Şərq və Azərbaycan əlyazmalarının, eləcə də əski çap kitablarının fakturası, saxlanılma, bərpa edilmə, kataloqlaşdırılma və rəqəmsallaşdırılma şəraiti ilə yaxından tanış olub, arxiv işi sahəsində tətbiq olunan yenilikləri öyrənib.
Ezamiyyə çərçivəsində azərbaycanlı alimə Britaniya Kitabxanasındakı bir sıra Azərbaycan əlyazmalarının, o cümlədən Nizami Gəncəvinin “Xəmsə” əlyazmalarının fakturasını, cildini, kağızını, yazı materiallarını, rəqəmsallaşdırma metodlarını texniki cəhətdən daha dərindən öyrənmək üçün xüsusi şərait yaradılıb.
C.Cəfərov Britaniya Kitabxanasının Yaxın Şərq və Mərkəzi Asiya kolleksiyasının müdiri Maykl Erdman, Asiya və Afrika araşdırmaları şöbəsinin elmi işçisi Ursula Uilyams ilə elmi əməkdaşlıq perspektivlərini müzakirə edib. Əlyazmalar İnstitutu ilə Britaniya Kitabxanası arasında təcrübə və əlyazma mübadiləsi imkanları müzakirə olunub. Müzakirə zamanı müəssisələr arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.