Fevral ayının 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfərinə də məhz bu prizmadan yanaşmaq lazımdır.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki ölkə münasibətlərinin institusional mərhələyə keçdiyini rəsmiləşdirdi. Bu, sadəcə gələcək ikitərəfli münasibətlərin konturlarını müəyyən edən bir sənəd deyil, Cənubi Qafqazın və geniş Avrasiyanın geosiyasi xəritəsini yenidən cızan bir strateji manifest kimi dəyərləndirilə bilər. Xartiya Azərbaycanın regionda mütləq liderliyini və ABŞ-nin bölgəyə münasibətdə rəsmi Bakıya verdiyi önəmi rəsmiləşdirən tarixi bir sənəddir.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bölgədə yaratdığı yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazın dünyada gedən proseslər üçün əhəmiyyətinin atması, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, rəqəmsal tranzit xətlərinin həyata keçirilməsi qlobal siyasətin əsas prioritetlərinə çevrilib. Bu kontekstdən yanaşanda Azərbaycanın təkcə regional oyunçu olmadığı, həm də Avrasiyanın Şərq-Qərb xəttində strateji qovşaq kimi çıxış etdiyi açıq-aydın görünür və bütün dövlətlər tərəfindən qəbul edilir. Xartiya məhz bu reallığı normativ və institusional əsasda təsbit edir. Tərəflər arasında formalaşmış etimadın rəsmi bəyannaməsi olan bu sənəd, Bakı və Vaşinqtonun regional və qlobal çağırışlara qarşı vahid cəbhədən çıxış etmək qətiyyətini nümayiş etdirir. Bu strateji addım Azərbaycanın regiondakı liderlik mövqeyini daha da möhkəmləndirir və Cənubi Qafqazın hərbi-strateji təhlükəsizlik qurşağının əsas sütununu təşkil edir.
Tarixi sənədin mahiyyətini dərindən anlamaq üçün onun ehtiva etdiyi strateji bəndlərə nəzər salmaq zəruridir. Xartiya sadəcə bir bəyannamə deyil, həm də regional liderliyin, rəqəmsal transformasiyanın və hərbi-strateji etimadın konkret yol xəritəsidir. Sənəd regional bağlantılardan tutmuş yüksək texnologiyalara qədər əsas prioritetləri özündə birləşdirir.
Sənədin birinci strateji hədəfi regional nəqliyyat xətlərinin genişləndirilməsi və Azərbaycanın qlobal bir tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir. Bu çərçivədə TRIPP təşəbbüsü və Orta Dəhlizə sadəcə iqtisadi layihələr kimi baxmaq olmaz. Bu, həm də regionun yeni geosiyasi siması kimi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məqsəd sadəcə yollar çəkmək və ya infrastruktur qurmaq deyil, əsas hədəf Cənubi Qafqazı dünya ticarətinin ayrılmaz hissəsinə çevirmək, siyasi gərginlikləri iqtisadi tərəfdaşlıqla əvəzləmək və ölkələr arasında qarşılıqlı faydalı iqtisadi asılılıq yaratmaqdır.

Azərbaycanın quru, dəniz və hava nəqliyyatını bir mərkəzdən idarə etməsi, gömrük işlərini asanlaşdırması və beynəlxalq qaydaları tətbiq etməsi ölkəmizin tranzit imkanlarını dayanıqlı və gəlirli bir biznes modelinə çevirir. Bu prosesdə söhbət təkcə malların daşınmasından getmir, eyni yollarla həm də enerji xətlərinin və sürətli internet kabellərinin çəkilməsi infrastrukturun müasir dövrə uyğun yeniləndiyini göstərir. Bu yanaşma sübut edir ki, Azərbaycan artıq sadəcə yolların kəsişdiyi bir məkan deyil, həm də gələcəyin rəqəmsal və enerji layihələrinə rəhbərlik edən güclü bir mərkəzdir. Sənədlə bağlı ikinci vacib məsələ ondan ibarətdir ki, Xartiya iki ölkə arasındakı iqtisadi münasibətləri sadəcə ənənəvi ticarət və mal mübadiləsi səviyyəsində saxlamır, onları ən müasir texnoloji modernləşmə müstəvisinə daşıyır.

Strateji tərəfdaşlığın üçüncü komponenti təhlükəsizlik sahəsindəki əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə qaldırılmasıdır. Burada əsas hədəf sadəcə hərbi koordinasiya ilə məhdudlaşmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın və Xəzər hövzəsinin regional sabitliyini təmin edəcək güclü bir institusional sistemin qurulmasından gedir. Müdafiə sənayesi məhsulları üzrə tərəfdaşlığın genişləndirilməsi, terrorçuluğun bütün formalarına qarşı birgə mübarizə, mühüm enerji və nəqliyyat infrastrukturunun fiziki qorunması, habelə müasir dövrün ən böyük təhdidi olan kibertəhlükəsizlik sahəsində sıx koordinasiya Bakı ilə Vaşinqton arasındakı strateji etimadın ən yüksək zirvəyə çatdığını sübut edir. Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda topladığı zəngin təcrübə və bu təşəbbüslərdəki aktiv iştirakı Xartiyada xüsusi qeyd olunur ki, bu da Bakının artıq qlobal təhlükəsizlik arxitekturasında sadəcə bir iştirakçı deyil, həm də qərarverici və məsuliyyətli bir aktor olduğunu təsdiqləyir.

Nəticə olaraq, Strateji Tərəfdaşlıq Xartiyası yalnız ikitərəfli münasibətlərin formal hüquqi sənədi deyil, həm də Azərbaycanın regiondakı liderliyini, ABŞ ilə strateji əməkdaşlığını və Cənubi Qafqazın geoiqtisadi və təhlükəsizlik arxitekturasında rolunu normativ şəkildə təsbit edən tarixi bir manifestdir. Xartiya göstərir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, Avrasiyanın Şərq-Qərb xəttində strateji qovşaq, qlobal tranzit və enerji dəhlizlərinin əsas mərkəzi, həmçinin texnoloji və rəqəmsal transformasiyanın aparıcı aktorudur. Bu sənədin icrası ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək, rəqəmsal və enerji infrastrukturlarını gücləndirəcək, regional və qlobal təhlükəsizliyə töhfəsini artıracaq. Eyni zamanda, Xartiya Azərbaycanın beynəlxalq siyasətdəki etibarını möhkəmləndirir və tərəfdaşlıqdan çıxış edərək regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki addımların əsasını qoyur. Beləliklə, Azərbaycan-ABŞ münasibətləri artıq yeni səviyyəyə yüksəlir, bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya üçün strateji əhəmiyyət kəsb edir.
