Rusiya Venesuela nefti ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün ABŞ ilə mövcud rabitə kanallarından istifadə edəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ-ın Venesuela neft əməliyyatları üçün lisenziyası ilə bağlı sualı cavablandırarkən bildirib. Bu lisenziya Rusiya vətəndaşları ilə əməliyyatları qadağan edir.
Kremlin sözçüsü qeyd edib ki, “bu, kifayət qədər yeni bir qərardır”. O, Kremlin “vəziyyəti aydınlaşdırmaq üçün ABŞ-la mövcud rabitə kanallarından istifadə edəcəyini” dəqiqləşdirib. Peskov yekun olaraq bildirib ki, Rusiyanın Venesuelada uzunmüddətli layihələri var, investisiyalar var, “Venesuela tərəfdaşlarının marağı” və Rusiyadan maraq var, ona görə də “bütün bunlar ABŞ ilə müzakirə üçün əsasdır”.
