İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn görüşündə kəşfiyyat məlumatlarından istifadə edərək onu İranın təkcə yəhudi dövləti üçün deyil, həm də bütün Yaxın Şərq və hətta Avropa üçün təhlükə yaratdığına şəxsən inandırmaq niyyətindədir. Bu barədə “Al-Monitor” portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
İsrail baş nazirinin müşavirlərindən biri bildirib ki, “ABŞ prezidentinin bunu birbaşa eşitməsi vacibdir”.
Onun sözlərinə görə, Netanyahu Trampı İranın ballistik raket proqramını, eləcə də bəzi Yaxın Şərq ölkələrindəki İranpərəst milislər mövzusunu Vaşinqton-Tehran danışıqlarının gündəliyinə daxil etməyə inandırmağa ümid edir. “Netanyahu [ABŞ] prezidentinə hər şeyi izah edəcək ki, o, ballistik raket məsələsi həll olunmadan İranla razılığa gəlməyin mümkün olmadığını başa düşsün”, – deyə mənbə əlavə edib.
“Al-Monitor”un məlumatına görə, İsrail rəsmiləri ABŞ-ın xüsusi elçisi Stiven Vitkoffun Ağ Evin qərar qəbuletmə prosesinə təsirindən də narahatdırlar, çünki o, Trampın İrana zərbə endirmək tərəfdarlarına qarşı çıxır. (Tass)
