Ərəb və İslam ölkələri Qəzza zolağında böhranı təcili həll etmək üçün Çinlə koordinasiyaya ümid edir. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.
O, Pekində Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitindən sonra yaradılmış komitənin iclasında deyib: “Biz Qəzza zolağında böhranın təcili həlli yollarını irəli sürmək üçün Çinlə koordinasiyanı səbirsizliklə gözləyirik”.
Komitə üzvləri Qəzza zolağında eskalasiyanın dayandırılmasının vacibliyini vurğulayaraq, anklava təcili humanitar yardımın çatdırılmasına çağırıblar. Onlar beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini “İsrailin işğalçı hakimiyyət orqanları tərəfindən törədilən kobud pozuntulara son qoymaq üçün məsuliyyət daşımağa” çağırıblar.
Bazar günü Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Misir, İordaniya, Fələstin, İndoneziya xarici işlər nazirlərinin və İƏT-in baş katibinin də daxil olduğu komitənin “müharibəyə son qoymaq” məqsədi ilə bir sıra ölkələrə səfər edəcəyini bildirib. Onların səfərlərinin ilk dayanacağı Çin oldu. (Tass)