ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın ABŞ üçün həyati əhəmiyyət kəsb etdiyi üçün onun bloklara qoşulmayan ölkəyə çevrilməsini istəyir. ABŞ-ın Cənubi Afrikadakı səfiri Leo Brent Bozell bunu çərşənbə axşamı Cənubi Afrikanın Hermanus şəhərində keçirilən biznes konfransında çıxışı zamanı bildirib.
“Businesstech” xəbər portalının məlumatına görə, Bozell deyib: “Mən Prezident Trampla danışdım . Onun sadə bir xahişi var idi: “Mən Cənubi Afrikanın yenidən bloklara qoşulmayan ölkəyə çevrilməsini istəyirəm”. Səfir əlavə edib ki, ABŞ administrasiyası Cənubi Afrikanı əsas əhəmiyyət kəsb edən 10 ölkədən biri hesab edir.
Bozell bildirib ki, təxminən bir il əvvəl ABŞ Cənubi Afrika hökumətinə ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün yerinə yetirilməli olan beş tələbdən ibarət siyahı göndərib. Bu tələblərə kənd icmalarını zorakılıqdan qorumaq; “Kill the Boer” (Fermeri öldür) mahnısında yer alan nifrət dolu çıxışları pisləmək; hökumətin müsadirə olunmuş əmlak üçün ödənişlər təyin etməsi; xarici şirkətlərdəki payların yerli əhaliyə ötürülməsi siyasətinə son qoymaq; və mədənçilik sahəsində əməkdaşlığı genişləndirmək daxildir. Səfir deyib: “Təxminən bir ildir ki, bu suallara cavab gözləyirik. Səbrimiz tükənir. İnanırıq ki, Cənubi Afrika hökumətinin sadə suallarımızı cavablandırmaqdan imtina etməsi artıq bir bəyanata çevrilir.” (Tass)
