Bu fikirləri Ağdam şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev söyləyib.
“İşğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırırlar”, – deyən M.Əfəndiyev bildirib ki, Azərbaycan hökuməti erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri dünya ictimaiyyətinin görməsi üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin həmin ərazilərə səfərlərini təşkil edir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ağdam şəhərinin dünya şəhərsalma standartlarına uyğun olaraq bərpa ediləcəyini deyən deputat qeyd edib ki, 2022-ci il oktyabrın 5-də Azərbaycan hökuməti və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu məhz Ağdam şəhərində keçirildi. Həmin Forum sülh və təhlükəsizliyin dayanıqlılığını özündə ehtiva edirdi. Eyni zamanda, Azərbaycanın regionların sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlığı təşviq etdiyinin bariz nümunəsi oldu.
“Sevindirici haldır ki, bu gün artıq Ağdama səfər edən qonaqlar burada Azərbaycan hökuməti tərəfindən həyata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2021-ci il mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu gün öz təsdiqini görülən əməli işdə tapır”, – deyə o əlavə edib.