Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Təəssüf ki, bu tarixdə yalnız qəhrəmanlıq və şanlı səhifələr deyil, eyni zamanda, faciələr və soyqırımı aktları da yer alıb. Xalqımız tarixinin bütün mərhələlərində öz torpağını, dövlətini və dövlətçiliyini qorumaq üçün hər zaman əzab-əziyyətə məruz qalıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
“1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni millətçiləri uşaq, qoca, qadın demədən minlərlə insanı qətlə yetirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirildi, 30 mindən çox azərbaycanlı qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi”, – deyə deputat bildirib.
M.Əfəndiyev xatırladıb ki, xalqımıza qarşı törədilmiş bu soyqırımı aktına ilk siyasi qiymət vermə cəhdi Azərbaycan Xalq Cümhuriyyəti dövründə olsa da, dövlətin süqutu bu işi yarımçıq qoyub. Sonrakı dövrlərdə bu soyqırımı siyasəti XX əsrin sonlarında yenidən təkrarlandı, nəticədə minlərlə insan həlak oldu, bir milyondan çox soydaşımız didərgin düşdü. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra isə tariximizə obyektiv yanaşmaq imkanı yarandı, gizli saxlanılan həqiqətlər üzə çıxarıldı və onların qorunması üçün mühüm tədbirlər həyata keçirildi.
“Xalqımıza qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı və martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu sənəd soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsinə, tədqiqatların genişlənməsinə və həqiqətlərin üzə çıxarılmasına təkan verdi. Aparılan araşdırmalar nəticəsində yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkar edildi.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsası qoyulan uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Ölkə Prezidentinin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdu”, – deyə deputat xatırladıb.
O, həmçinin vurğulayıb ki, BMT-nin 1948-ci il dekabrın 9-da qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən milli, etnik, irqi qrupları tam və ya qismən məhv etmə niyyəti ilə törədilən hərəkətlər beynəlxalq hüquqa görə cinayət sayılır. 31 Mart soyqırımı bəşəriyyət tarixində bir cinayət, faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə, İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımlarının qisasını aldı.
“Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanat, həmçinin 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə qəbul olunmuş üçtərəfli Bəyannamə və Sülh Sazişinin müddəalarının paraflanması xalqımızın uzun illər məruz qaldığı ədalətsizliklərə son qoydu. Bu gün dünya siyasi arxitekturasının yeniləndiyi bir dövrdə Azərbaycan sülhsevər missiyasını uğurla həyata keçirir. Ölkə müstəqilliyini, bərpa etdiyi suverenliyi və ərazi bütövlüyünü qoruyur, doğma Qarabağda yenidənqurma işlərini sürətlə davam etdirir. Bu prosesdə türkdilli dövlətlərin və digər tərəfdaş ölkələrin dəstəyi ilə müasir yanaşmalar tətbiq olunur. Bir sözlə, Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə töhfə verir, eyni zamanda, yeniləşən dünyada mövqeyini gücləndirərək dost və tərəfdaş ölkələrlə birlikdə xalqlar üçün rifahlı gələcəyin qurulmasına çalışır”, – deyə Məzahir Əfəndiyev diqqətə çatdırıb.
