Girovların azad edilməsi üçün yekun razılaşmaların əldə olunması həm İsraildən, həm də Fələstinin radikal HƏMAS hərəkatından asılı olacaq. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Əlbəttə ki, [İsrailin] hərbi kabineti razılıq verməlidir. Amma HƏMAS da. Ona görə də hələ də bəzi icazələrin alınması lazımdır” dedi.
Kirbi tərəflərin girovların azad edilməsi ilə bağlı razılaşmaya “həmişəkindən daha yaxın” olduqlarını təkrarladı, lakin razılaşmanın risklərini əsas gətirərək konkret detallar barədə məlumat verməkdən imtina etdi. “Mətbuatda yayılan təfərrüatları təsdiqləməyəcəyəm, sadəcə olaraq bunu açıq şəkildə müzakirə etməyəcəyəm. Aydındır ki, biz bunun üzərində çox işləyirik və ümidliyik. Amma indiki həssas zamanda heç nə deməyəcəyəm. Bu əməliyyat üçün riskləri artıra bilər”, – deyə rəsmi vurğulayıb.
Kirbi aydınlaşdırıb ki, ABŞ Qəzza zolağında girov saxlanılanların sayı ilə bağlı dəqiq məlumatlara malik deyil. “İsrail deyir ki, demək olar ki, 240 girov var. Müstəqil olaraq təsdiqlənə bilən konkret rəqəmimiz olduğuna əmin deyiləm. Yadda saxlamaq lazımdır ki, təkcə HƏMAS deyil, digər qruplar da HƏMAS-ın çıxışı olmayan girovları saxlaya bilər”. – deyib. (Tass)