Türkiyə İsrailin nüvə silahına malik olub-olmadığını yoxlamaq üçün BMT Təhlükəsizlik Şurasına və Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət edəcək. “Star” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə keçirilən biznes forumda deyib.
“Biz həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də regionun, xüsusən də Türkiyənin təhlükəsizliyini təhdid edən məsələ ilə bağlı təşəbbüs göstərəcəyik”, – Türkiyə lideri qeyd edib.
Ərdoğan daha əvvəl İsraildə nüvə silahının olub-olmadığını yoxlamaq zərurəti və beynəlxalq strukturlarda, o cümlədən iyunun 20-də keçirilən hökumət iclasından sonra müvafiq prosesə başlamaq niyyətindən danışıb. Türkiyə lideri qeyd edib ki, İsrail açıq şəkildə nüvə silahına malik olduğunu etiraf edir, lakin beynəlxalq strukturlar, xüsusilə MAQATE və BMT müvafiq araşdırma aparmır.
Ərdoğan forumda həmçinin bildirib ki, Türkiyə Qəzzanı bərpa etmək üçün səy göstərəcək və Fələstin anklavında törətdiyi cinayətlərə görə İsraili məsuliyyətə cəlb etməyə çalışacaq. (Tass)