“Report”un Cənub bürosu xəbər verir ki, bunu Lənkəran Müasir Peşə Təhsil Mərkəzinə təşkil olunan infotur çərçivəsində təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O, müəssisənin strateji əhəmiyyət və orada tədris olunan yeni ixtisaslar barəsində məlumat verərək qeyd edib ki, Mərkəz Lənkəran-Astara iqtisadi regionu üçün xüsusi əhəmiyyət kəsb edir:
“Yeni infrastruktur ən müasir ixtisasların tədrisinə imkan yaradır. Mərkəzdə Alternativ enerji və IT texnologiyaları, Müasir sənaye sahələri, Kənd təsərrüfatında “Smart” (ağıllı) texnologiyaları tətbiqi mümkündür. Bu yanaşma həm tələbələrin, həm də yerli fermerlərin peşəkar bacarıqlarını təkmilləşdirməyə xidmət edir. Məqsəd tələbələrin məhsulun əkilməsindən bazara çıxarılmasına qədər olan bütün biznes proseslərində praktik iştirakını təmin etməkdir”.
Nazir müavini bu təhsil müəssisəsinin zəruri maddi-texniki baza və infrastrukturla təmin olunduğunu vurğulayıb:
“Yeddi korpusdan ibarət tədris kompleksində kulinariya, əkinçilik, emalatxana laboratoriyaları və istixana, kompüterləşdirilmiş avtotəmir və dəzgah idarəetmə mərkəzləri, hərbi hazırlıq kabineti, 300 nəfərlik akt zalı və zəngin kitabxana yaradılıb. Uzaq rayonlardan gələn tələbələr üçün 53 nəfərlik müasir yataqxana fəaliyyət göstərir”.
K.Kərimzadə hazırda müəssisədə 138 əməkdaşın çalışdığını qeyd edib:
“Mərkəz kadr hazırlığı sahəsində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Müəssisədə təhsil ilk peşə, texniki peşə və yüksək texniki peşə pillələri üzrə həyata keçirilir. Bu da məzunların əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi yetişmələrinə təminat verir”.
Həmçinin infotur iştirakçılarının diqqətinə çatdırılıb ki, 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klasslar izlənilib.Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib.
İştirakçılar tədris prosesinin praktiki yönümlülüyü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
