Qəzza zolağının şimalındakı 24 səhiyyə müəssisəsindən yalnız 2-si fəaliyyətdə qalır. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
“Mövcud məlumatlara görə, Vadi Qəzzanın şimalında (anklavın mərkəzindəki su hövzəsi – TASS qeydi) yalnız 2 kiçik xəstəxana – biri Qəzza şəhərində, digəri Beyt Lahia – qismən işləyir və xəstələri qəbul edir, qalan 22 xəstəxana işləmir”, – idarənin saytında deyilir. Qeyd olunur ki, anklavın cənubunda 11 tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirmişdi ki, İsrailin hava hücumları və yanacaq çatışmazlığı səbəbindən Qəzza zolağında mövcud xəstəxana çarpayılarının sayı oktyabrın 7-dən 2,5 dəfə azalaraq 1,4 minə çatıb. ÜST bu dövr ərzində Fələstin xəstəxanalarına 335 hücum, o cümlədən Qəzza zolağında 164, İordan çayının qərb sahilində isə 171 hücum qeydə alıb. İsraildə tibb müəssisələrinə 33 hücum edildiyi bildirilir. (Tass)