Bir qrup Ermənistan vətəndaş cəmiyyəti nümayəndəsi “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində son dəyirmi masa müzakirəsində iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə təşəbbüsün mətbuat açıqlamasında bildirilib.
Bildirilir ki, Ermənistan nümayəndə heyəti iki ölkənin quru sərhədini – onun delimitasiya olunmuş və demarkasiya olunmuş hissəsini keçərək Azərbaycana gəlib və bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Mətbuat açıqlamasında qeyd olunur ki, “Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli zirvə görüşündə qəbul edilmiş razılaşdırılmış ikitərəfli sülh gündəliyi çərçivəsində baş tutur”.
10-12 aprel tarixlərində keçiriləcək dəyirmi masada Bakı ilə Yerevan arasında sülh prosesinin hazırkı vəziyyəti, Sülh Körpüsü təşəbbüsü iştirakçılarının ölkələrindəki fəaliyyəti və regiondakı vəziyyət müzakirə olunacaq. Ayrı-ayrı sessiyalar ictimai səviyyədə sülhün təşviqinə və sülh prosesinin növbəti mərhələlərində etimadın yaradılmasına həsr olunacaq.
Tədbirdə hər iki tərəfdən 20 vətəndaş cəmiyyəti və media nümayəndəsi iştirak edəcək. (Tass)
