Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) iqtisadi canlanma və SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri üçün daha çox əlaqə imkanları deməkdir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.
Nazir bildirib ki, Azərbaycan Orta dəhlizdə sadəcə tranzit rolunu oynamır, eyni zamanda dəhlizin effektivliyini artırmaq üçün addımlar atır: “Ölkəmizin Xəzər dənizində yerləşən limanları Orta dəhlizin mühüm hissəsidir. Bu limanlar vaxt və tranzit xərclərini azaltmağa imkan verir. Biz regional tərəfdaşlarımızla əməkdaşlıq edərək digər qeyri-regional ölkələrdən gələn yüklərin də daşınmasına şərait yaradırıq”.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.