Dəhlizin baş tərəfində oturan xanıma yaxınlaşırıq. Müsahibimin hələlik məşğul olduğunu deyib bizi yan tərəfdəki divanda oturmağa dəvət edir.
Bir neçə dəqiqə sonra iki nəfər də həmin xanıma yaxınlaşır. Söhbətlərindən belə başa düşürəm ki, onlardan biri ittifaqa üzv olmaq istəyir. Elə bu vaxt gözlədiyimiz qapı açılır və müsahibim qonağını yola salıb bizi içəri dəvət edir. İçəri keçə-keçə elə bayaqkı mənzərəni fürsət bilib söhbətimizi başlayırıq.
“Report” Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovla müsahibəni təqdim edir.
– Bayaq sizi gözləyəndə bir nəfər gəlmişdi, ittifaqın üzvlüyünə qəbul olmaq istəyirdi.
– Bəli, ittifaqa üzv qəbulumuz davam edir.
– Qəbul üçün hansı vacib şərtlər var?
– Əlbəttə, birinci növbədə, istedad. Bilirsən, hamı eyni istedadda ola bilməz. Biri də var, peşəkarlıq. Bizim xüsusi komissiya müraciət edənlərin sərgisinə, əl işlərinə baxır və ona peşəkar qiymət verir.
İttifaqın 2500 üzvü var, amma onlardan biri, ya ikisi əsl rəssam kimi tarixdə qalacaq
– İttifaqın neçə üzvü var?
– 2500.
– Çoxdur.
– Çoxdur deyəndə ki, onsuz da bu 2500 üzvün arasından cəmi bir-iki əsl rəssam çıxacaq və tarixdə qalacaq. Mən əsl rəssam deyəndə, məsələn, Səttar Bəhlulzadəni (Xalq rəssamı, Azərbaycan impressionizminin banisi, – N.P) nəzərdə tuturam. Bu mənada, bu qədər adamın içindən Səttar kimisi olsa-olsa bir-ikisi olacaq.
– Səttar kimisi, bəlkə, heç olmadı da…
– Əlbəttə, Səttar kimisi çətin, amma, ən azından, peşəkar olan, əsl rəssam deyə biləcəklərimiz çıxacaq və tarixdə qalacaq. Əvvəllər Mədəniyyət Nazirliyində həvəskar rəssamlar üçün bir şöbə var idi. Həmin rəssamlar ora müraciət edirdi, nazirlik, bir növ, onlarla məşğul olurdu, yəni bir yerə toplayırdı. Amma sonralar nəsə o şöbə ləğv edildi və o adamlar gəlib bizə – ittifaqa müraciət etməyə başladılar.
Rəssamlar İttifaqında həvəskar rəssamlar üçün şöbə yaradıb üzvlüyə qəbul elədim
– Həvəskarlar?
– Bəli, həvəskarlar. O vaxt vəziyyət də yaxşı deyildi, söhbət Birinci Qarabağ müharibəsi dövründən gedir. Belə qərara gəldim ki, ittifaqda qeyri-peşəkar rəssamlar üçün də bir şöbə yaradım. Yaratdım və onları buraya üzv elədim. Bilirsən, bu vacib idi, həmin rəssamların küçədə qalmalarına izin vermək olmazdı. Başqa tərəfdən isə, peşəkar rəssamların həvəskarlara baxanda üstünlüyü var idi, məsələn, emalatxana olurdusa, birinci peşəkarlara verilirdi. Biz bununla bərabər həvəskar rəssamlar üçün də müəyyən şərait yaratmağa başladıq, məsələn, onların sərgilərini təşkil elədik və sair.
– Konkret deyə bilmərəm, amma haradasa 300-400 nəfər. Hətta deyim ki, onların arasında da kifayət qədər maraqlı rəssamlar var. Mən son qəbulda bir-iki işə baxıb dedim ki, bunların işi bir çox peşəkardan daha yaxşıdır. Şübhəsiz, istedad varsa, zamanla inkişaf edəcək.
– Fərhad müəllim, 40 ilə yaxındır, ittifaqın sədrisiniz. Yaradıcı adamlara rəhbərlik etmək, özü də 40 il rəhbərlik etmək, məncə, kifayət qədər çətin və yorucu olar.
– Çətin olmasına çətindir, haqlısan. Niyəsini də deyim: yaradıcı insan ancaq özünü və ətrafını görür, vəssalam.
Mən düşüncə baxımından Sovet hökuməti sisteminə yerləşməyən, bir növ, solçu düşüncəyə malik biri olmuşam. Mən idim, Cavad Mircavadov idi (Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi. Bəzi antalogiyalarda onu Azərbaycan müasir rəngkarlığının banisi adlandırırlar, – N.P) Kamal Əhməd idi (Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi. Çoxfiqurlu tabloları ilə məşhurdur, – N.P)… Amma eyni zamanda sağçı rəssamlar da çox idi. Beləcə çox ciddi rəqabət yaranmışdı, həmin o rəqabətin nəticəsi isə sənət müstəvisində görünürdü. Söhbət gedir 70-80-ci illərdən… Bu gün belə bir yaradıcı rəqabət varmı? Yoxdur.
O zaman bizə daha çox ideologiya ilə bağlı mane olurdular. Sovet hökumətinin öz mövzusu və tələbləri vardı… Yaxşı maliyyə ayırırdılar, müxtəlif sərgilər keçirirdilər, bir növ, bütün lazımi şərait yaradılırdı, amma bir şərtlə: sən mən deyəni et. Elə o zamanlarda mənə də Moskvadan sifariş gəlmişdi ki, müqavilə bağlayaq, hansısa bir tanınmış qəhrəman fəhlənin portretini çəkim. Mən dedim ki, xeyr, mən belə mövzular işləmirəm.
Xülasə, bütün bunlara rəğmən 1987-ci ildə ittifaqın qurultayı oldu. Rəssamlar mənə səs verdilər.
Məndən Mərkəzi Komitəyə şikayət yazan rəssama ev verdirdim
– Bəlkə, seçilməyinizdə atanız Qurban Xəlilovun (Azərbaycan-sovet dövlət xadimi, 1969-1985-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub, – N.P) müəyyən qədər rolu olub… Vəzifədə olması…
– Yox, yox, qəti. Mən elə bilirəm ki, adamların mənim arxamca gəlməsinə əsas səbəb özümün düzgün adam olmağım olub. Üstəgəl, vəzifəli adamların övladları çox da sevilmirdi. Onlar vəzifədən gedəndən sonra övladları tapdalanırdı. Amma məndə əksi oldu, atam 1985-ci ildə təqaüdə getdi, mən isə 1987-ci ildə ittifaqa sədr seçildim.
Qurultay düz iki gecə davam elədi, Mərkəzi komitə ayrı adamı seçmək istəyirdi, amma adamlar mənə səs verdi. Səslər də elə səhnədə, hamının gözünün önündə sayıldı. Nəticədə mən seçildim və bu, əməlli başlı bir inqilab effekti verdi. Sözün düzü, sədrliyə mənim heç bir meylim olmayıb. Amma iş elə gətirdi ki, arxamca gələn adamlara yox deyə bilmədim. Seçiləndən sonra bir müddət yuxularım ərşə çəkilmişdi ki, mən yaradıcılıqla bu məsuliyyəti necə paralel aparacağam? Amma insan öyrəşir, öyrəşdim, yolunu tapdım, üstəlik, bu məsuliyyəti yaxşı yönlərdə sərf elədim. Birinə ev verə bilirdim, birinə emalatxana tikirdim, bir sözlə, bu vəzifə sayəsində həm də adamlara yaxşılıq eləyə bilirdim.
Adam var idi ki, 25 il evsiz-eşiksiz, üstəgəl, mənim əleyhimə Mərkəzi Komitəyə məktub da yazmışdı, amma mən ona ev verdim. Ondan sonra gəlib kəsdirirdi qapının ağzını, deyirdi, xəcalətindən çıxmaq üçün, heç olmasa, səni hər gün evinə aparım. Dedim, a kişi, yeri get o yana, lazım deyil, sən ki belə sevinirsən, bu, mənə bəsdir.
Sədr seçilməyimdən sonra Tahir Salahov (SSRİ Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, – N.P) deyirdi ki, vəssalam, daha bundan sonra batacaqsan. Yaradıcılığın yarımçıq qalacaq və sair. Hələ mənim barəmdə bəziləri deyirdi ki, heç bir il tab gətirməyəcək, amma nəticə göz qabağındadır.
Sonuncu qurultayda ittifaqın sədrliyinə namizəd hazırlamaq istəyirdim, amma gördüm ki, bacarmayacaq
– Son qurultay nə zaman olub?
– İki il yarım, üç il olar.
– Sizdən başqa namizəd var idi?
– Yox. Mən özüm bir namizəd hazırlamaq istəyirdim, amma gördüm ki, bacarmayacaq.
– Bilirsiniz, niyə soruşuram: bizdə yaradıcı ittifaqların rəhbər şəxslərinin, demək olar, hamısı uzun müddətdir ki, bu postdadırlar. Yazıçılar Birliyində davamlı şəkildə bununla bağlı müzakirə və etirazlar olur.
– Rəssamlar İttifaqında belə bir hal yoxdur.
Mən yaradıcı adamın kim olduğunu və nə istədiyini çox yaxşı bilirəm
– Elə mən də onu deyirəm, sizcə, bu nə ilə bağlıdır? Bəlkə, Anar pis idarəçidir.
– Bu barədə heç nə deyə bilmərəm. Mən Rəssamlar İttifaqı barədə danışa bilərəm və səni qəti şəkildə əmin edirəm, bizdə belə şeylər olmur. Bilirsən, idarəetmədə ən vacib məsələ budur ki, sən özünü qarşındakı adamın yerinə qoya bilməlisən. Gəlir, müraciət edir, sən bir də məsələyə onun yerindən baxmalısan, atacağın addımı elə planlaşdırmalısan. Yəni demək istədiyim odur ki, mən yaradıcı adamın kim olduğunu və nə istədiyini çox yaxşı bilirəm.
– Fərhad müəllim, Azərbaycanda bu gün rəssam olub dolanmaq mümkündür?
– Rəssam olub dolanmaq deyəndə nəyi nəzərdə tutursan?
Mən sualı açmaq istəsəm də, özü davam edir.
– Əgər yaradıcılıqdan danışırıqsa, bu, tək Azərbaycana aid deyil, bütün dünyada vəziyyət eynidir. Yaradıcılıqdan pul qazanmaq fərdi məsələdir. Sovet hökuməti dövründə başqa idi, o söhbətlərə girməyin adı yoxdur, hamımız bilirik. Dünyada isə başqa cür: sən əvvəl sübut eləməli idin ki, rəssamsan. Ondan sonra sübut eləməli idin ki, sən yaxşı rəssamsan.

Məsələn, bu gün dizaynla məşğul olan rəssamların işi və dolanışığı yaxşı ola bilər.
– Çünki dövrün tələbi budur.
– Bəli, dizayn bu günün tələbidir, rəssam bunu bacarırsa, işi olacaq və yaxşı da yaşayacaq.
Azərbaycanda hərə bir rəsm əsəri alsa, rəssamlar kef edəcək
– Yəni rəssamın əsər çəkib satmaqla dolanması sual altındadır.
– Qalereyalar var, aparıb asır oradan. İçərişəhərdə ittifaqın qalereyası var, məsələn. Amma orada da hər əsər satılmır, ən yaxşıları satılır. Adamlar gəlir, baxır, seçir, ən yaxşısını tapır və alır. Mən həmişə deyirdim ki, Azərbaycanda hərə bir rəsm əsəri alsa, rəssamlar kef edəcək.
Başqa tərəfdən isə, Azərbaycanda rəsm əsərini almaq, yaxud alıb kiməsə bağışlamaq kimi ənənə cəmisi beş-on ildir, başlayıb.
– Yəni bizim cəmiyyətdə rəssam və rəssamlığa münasibət hələ təzə-təzə formalaşır.
– Bəli, gəl açıq danışaq da. Bizdə vəziyyət necə idi: tutaq ki, sən doğulmusan, atanın dostu-tanışı gəlib valideynlərini təbrik edir, əllində bir vaza, ya nə bilim, gümüş qab. Belə-belə şeylər. Amma dünyada belə deyildi, rəsm əsəri bağışlamaq ənənəsi vardı, dünya nədir, adicə Tiflisdə. Bax bu ənənə bizdə təzə-təzə başlayıb, təzə-təzə formalaşır.
Bizdə Təsviri sənət həftəsi keçirilirdi. Mən bilərəkdən orada rəssamların əsərini beş dəfə baha qiymətə təklif edirdim. Niyə? İstəyirdim ki, iri qiymətlə cəmiyyətdə maraq oyadım, onları ayıldım. Pulu yoxdur bu adamın, eybi yoxdur, amma, ən azından, maraqlansın, başa düşsün ki, əsər bir manata olmaz, beş manata olmaz, bunun filan qədər qiymətə qoyulmasının böyük mənası var, çünki zəhmət var ortada.

Dünya dəli deyil ki, filan əsərə milyonlar verir. Əsər bu gün filan qiymətədirsə, alırsansa, o pul batmır, sabah onun qiyməti bahadan baha olacaq. Əsər olub ki, 1000 manata alınıb, mən ona baxmışam, demişəm ki, buna bu dəqiqə 5000 verərəm.
Bilirsən, bəzən də qınamaq olmur, adamlar daha çox evini düşünür, bağını düşünür, nə bilim, müəyyən şeyləri düşünür.
Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə onu heç kəs almayacaq
– Özünüz sonuncu dəfə nə vaxt əsər satmısınız?
– Mən əsərlərimi, demək olar ki, Bakıda satmıram. Auksionlarda satıram. Çünki başa düşürəm ki, Bakıda o qiymətə əsər sata bilmərəm, mümkün deyil, başqa tərəfdən isə, qiyməti də sala bilmərəm.
– Onda alıcılarınız xarici vətəndaş və kolleksionerlərdir.
– Bəli.
Elə rəssamlar var, kütlənin arxasınca gedir, onların tələblərinə uyğunlaşmağa çalışırlar
– Fərhad müəllim, o zaman çəkdiyiniz rəsmlərdə düşüncə baxımından xarici bazara çıxacağını nəzərə alırsınız?
– Heç vaxt! Qətiyyən! Onu düşünməyin sonu uçurumdur. Heç vaxt belə bir şeyi nəzərə almamışam, ala da bilmərəm. Mən bir rəssam kimi düşünsəm ki, qoy kiminsə xoşuna gəlim, həmin gün məhv olaram. Amma görürəm ki, elə rəssamlar var, kütlənin arxasınca gedir, onların tələblərinə uyğunlaşmağa çalışırlar. Olmaz, qəti olmaz. Bunun tam əksi olmalıdır, kütlə sənətkarın arxasınca gəlməlidir, sənətin də gücü elə budur. Elə rəssamlar olub ki, göndərmişik sərgilərə-filan, qayıdandan bir az sonra görürəm ki, işində meyillənmə var. Deyirəm, deyəsən, işin xaricdə kimlərinsə xoşuna gəlib, hə?
– Yeni işinə baxanda artıq tutursunuz məqamı.
– Əlbəttə, görürəm ki, məsələn, artıq alman üçün işləyir, yaxud türk üçün, yaxud ingilis üçün. Məni aldatmaq olmaz axı. Hiss edirəm ki, meyil oradır. Elə sənət olar? Olmaz. Artur Şopenhauer nə deyirdi: kütlənin fikri heç nədir. Mən bu fikirlə tamamilə razıyam, ağlı başında olan istənilən sənət adamı bu fikirlə razı olmalıdır.
Mənə heç vaxt lazım deyil ki, hamı tərəfindən qəbul edilim. Bir nəfər varsa, mənə kifayətdir. Mən öz hisslərimi sənin üçün ifadə edə bilirəmsə, sən mənim çəkdiyimi, düşündüyümü başa düşürsənsə, bu, mənə bəsdir. Çünki anlamaq dolayı yolla eyni ağılda olmaq deməkdir, bir növ, məni başa düşən mənim tayımdır. Belə adamlar çox ola bilməz və olmamalıdır da.
– Günün hansı hissəsini yaradıcılığınıza ayırırsınız?
– Hər bir dəqiqə mənim üçün yaradıcılıq baxımından əhəmiyyətli və əlverişlidir. Mən illərdir, emalatxanada yaşayıram.

– Uzaqdır, Nardarandadır, ona görə dedim, bura yaxşıdır.
Dünyada pulsuz sərgi praktikası yoxdur, amma biz edirik
– Bəs iş mühiti sizi yormur? Yaradıcılıqdan uzaq salmır?
– Yox, heç vaxt belə bir problemim olmayıb, mən artıq bunu özüm üçün sistemləşdirmişəm.
Sağ olsun cənab prezident, təqaüdlər verilir, biz də təqdim edirik, müəyyən sərgilər təşkil edirik, özü də pulsuz. Get gör Moskvada pulsuz sərgi edə bilərsən? Qətiyyən. Heç yerdə belə bir praktika yoxdur. Amma biz ittifaqda bu şəraiti yaradırıq. Rəssam üçün sərgi etmək ən vacib məsələdir. Sərgidə rəssam tamaşaçısını tapır, bundan böyük nə ola bilər?
– Aydındır, bəs hazırda hansı əsərin üzərində işləyirsiniz? Bax bu gün emalatxanaya gedib hansı yarımçıq işinizlə məşğul olacaqsınız?
– Bilirsən də, mənim yaradıcılığım, ümumiyyətlə, təbiətlə bağlıdır. Londonlu tənqidçilərdən biri yaradıcılığımla bağlı çox dəqiq qənaət irəli sürmüşdü. Demişdi ki, bu adamda yüksək səviyyəli balans mövcuddur, yəni yaradıcılığında reallıqla abstrakt, tamamilə, paraleldir.
Deyirsən, nə çəkirəm, desəm ki, əncir ağacı çəkirəm, səncə, məni başa düşəcəklər?
– Mən başa düşəcəyəm.
– Onda deyirəm, hazırda əncir ağacları üzərində işləyirəm. Ümumiyyətlə, mən gənclik illərimdən əncir ağaclarını, onları çəkməyi sevirəm. Hətta bununla bağlı böyük bir sərgi də düşünürəm: bütün zal boyunca əncir ağaclarının təsviri. Əncir müqəddəs ağacdır. Mənim üçün isə çox vacib bir təbiət detalı. Üstəlik, Abşeron mühitinə də xasdır.
– Yaradıcılıq baxımından da Abşeron sizə xasdır.
– Elədir. Bilirsən, Abşeronu indi anlayan azdır, çox azdır. Bu, məni bir az narahat edir. Nə bilim. Oktyabrda 80 illik yubileyimdir, o ərəfədə dediyim sərgini yubileyimlə birləşdirib nümayiş etdirməyi düşünürəm.
Rəssam dostlarımızla Abşeronun mənzərəsinin dəyişdiyini görüb ağlayırdıq, çünki əlimizdən başqa heç nə gəlmirdi
– Deyirsiniz, gənclikdən əncir ağacını çəkməyi sevmisiniz. Heç düşünməmisiniz, bunun səbəbi nədir? Niyə, məsələn, zeytun yox, məhz əncir? Bəlkə, nəsə bir xatirəsi var.
Bir qədər düşünür.
– Düzü, konkret haradan qaynaqlandığı barədə heç bir fikrim yoxdur. Bəlkə də, elə sadəcə Abşeronla bağlı bir şeydir. Bilmirəm. Bayaq dedim, Abşeronu hamı başa düşmür. Bu gün Abşeron dəyişir. Zaman elədir ki, insana acımadığı kimi mühit də dəyişir, başqa dona girir. 60-cı illərdə bizim baxdığımız, çəkdiyimiz Abşeron hara, indiki hara. Bu dəyişiklik indinin işi deyil, hələ ötən əsrin sonlarından başladı. Biz rəssam dostlarımızla baxırdıq ki, Abşerona xas düz damlar yavaş-yavaş dəyişir, başqa formalara düşür, şifer damlar əmələ gəlir. Mən sənə tam səmimi deyirəm, biz bu dəyişikliyə baxıb ağlayırdıq. Əlimizdən heç nə gəlmir, heç nə edə bilmirik, oturub ağlayırdıq ki, bizim gözümüzdə, beynimizdə həkk olunan Abşeron dəyişir.
Avropada belə deyil. Sənin memarlığa barmağını vurmağa ixtiyarın yoxdur. Ev sənindir, yaşayırsan, onun damı filan formadadırsa, deməli, elə də olmalıdır, vəssalam. Bizdə amma birinin əlinə imkan düşdüsə, vəssalam, biri Çin memarlığında tikir evini, biri Avropa. Aləm dəyir bir-birinə, nə etmək olar?
– Fərhad müəllim, səhv eləmirəmsə, atanız Heydər Əliyevlə bağ qonşusu olub. Gediş-gəliş var idimi?
– Əlbəttə, tez-tez də olmasa, gediş-gəliş olurdu, atamla münasibətləri yaxşı idi, məni də çox yaxşı tanıyırdı.
Heydər Əliyevin mənə dəfələrlə köməyi dəyib. Demək, bir dəfə “Çağırış” adlı bir əsər işləmişdim. Bakıda rəssamların böyük bir sərgisi oldu, Vitali Krasilnikov da (Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri, – N.P) orada idi. Mən özüm orada olmamışdım, Tahir Salahov danışır ki, Krasilnikov əsərə baxıb dedi ki, bu çağırış nəyin çağırışıdır belə? Bu hara çağırır, kimi çağırır? Əslində, söhbəti düz tutmuşdu, oradakı çağırış başqa çağırış idi. Heydər Əliyev adamların başını başqa söhbətə qatıb, fikirlərini yayındırıb. Nümayiş bitəndən sonra Krasilnikov təzədən gəlib dayanıb əsərin yanında, yenə başlayıb ki, bu kimi hara çağırır? Tahir Salahov deyir ki, Heydər Əliyev yenə də ustalıqla söhbəti dəyişdi, mən də dəstək verdim ki, axşamüstünün təsviridir, göy üzü qırmızıdır, qırmızı da bizik də bəs… Beləcə söhbət bağlanıb getdi.

Fəxri ad münasibətləri pozur, qeyri-sağlam vəziyyət yaradır
– Amma olmalıdır?
– Bilirsən, Səttara ad yaraşır, eləmi? Amma Səttar ad olmadan da Səttardır. Vəssalam. Fəxri ad münasibətləri də qarışdırır, pozur. O, bundan danışır, bu, ondan, o, bunun ayağından dartır, bu, onun. Qeyri-sağlam bir mübarizə əmələ gəlir.
– Ona görə son illərdə fəxri ad verilməyini dayandırıblar.
– Düz də ediblər. Tam dayandırılmasını deyə bilmirəm, amma bir müddətdir ki, mən də rast gəlmirəm. Yenə də deyirəm, düz edirlər. O vaxt başqa idi, o vaxt üçün lazım idi. Çətin zaman idi, pul yox, imkan yox. Ona görə o fəxri ad verməklə bir az sənətkarlara dəstək olunurdu. Bu gün ona ehtiyac varmı? Yoxdur.
– Fərhad müəllim, uşaq yaşlarınızda musiqiyə meyliniz olub, sonra nə baş verdi?
– Hə, atamla bir kinoya baxmışdıq: “İzzət üçün müqəddimə”. Film dirijor uşaq haqqında idi. Bacım da konservatoriyada oxuyurdu. O kinoya baxandan sonra məndə maraq yarandı, bacıma dedim ki, məni də özünlə apar. Bir il haradasa məşğul oldum, hətta balaca bir konsertdə çıxış da etdim. Onunla da bağladım. Amma musiqi bu gün də mənimlədir. Musiqi, ədəbiyyat, rəssamlıq ömrümün axırına qədər mənimlədir.
– Bəs, sizcə, Fərhad Xəlilov musiqiçi olsaydı, necə olardı? Heç düşünmüsünüz bu barədə?
Bu vaxt qapı döyülür və bayaqkı xanım içəri daxil olub sərgi ilə bağlı qonaqların gəldiyini deyir. Fərhad müəllim tələsik saatını yoxlayıb gülümsünür.
– Vaxtdır, vaxtdır… – qalxıb qapıya sarı gedirik. Çıxışda məni də sərgi ilə tanış olmağa dəvət edir.
Beləcə, sonuncu sualıma cavab ala bilmirəm. Bəlkə, elə yaxşısı budur. Bəlkə, Fərhad müəlllim 80 illik ömründə bunu heç vaxt düşünməyib. Bəlkə, ömrünün bu çağında düşünməsi onu narahat edərdi… Nə bilmək olar…
