Bu gün beynəlxalq münasibətlər sistemində yaranan qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və yeni güc mərkəzlərinin formalaşması fonunda dialoq platformalarına olan ehtiyac daha da artır. “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusu ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumu da bu baxımdan qlobal siyasi gündəliyin ən aktual məsələlərini özündə cəmləşdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, belə bir mürəkkəb beynəlxalq şəraitdə Prezident İlham Əliyevin forumda iştirakı və keçirdiyi görüşlər ölkəmizin artan diplomatik fəallığının və beynəlxalq çəkisinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Forum Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini – balanslı diplomatiya, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və nəqliyyat-logistika təşəbbüslərini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm platforma rolunu oynadı. Azərbaycan bu tədbirdə təkcə iştirakçı deyil, eyni zamanda, gündəmi formalaşdıran və müzakirələrə real məzmun verən aktor kimi çıxış etdi.
Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın diplomatik coğrafiyasının genişliyini daha bir nümayişi idi. Yaxın Şərqdən Avropaya, Türk dünyasından Cənubi Asiyaya qədər müxtəlif regionları əhatə edən bu təmaslar Azərbaycanın çoxtərəfli əməkdaşlıq modelinə sadiqliyini təsdiqlədi. Xüsusilə enerji əməkdaşlığı, o cümlədən qaz ixracı istiqamətində müzakirələr Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun artdığını yenidən ön plana çıxardı.
“Forumda Azərbaycanın mövqeyi bir neçə əsas istiqamətdə aydın şəkildə hiss olundu. İlk növbədə, Azərbaycan artıq regionda sabitləşdirici və təşəbbüskar dövlət kimi qəbul olunur. Müharibədən sonrakı dövrdə regionda formalaşan yeni reallıqların təqdim edilməsi və bu reallıqların beynəlxalq platformalarda izahı baxımından Antalya Forumu mühüm imkan yaratdı.
İkinci mühüm məqam Azərbaycanın enerji diplomatiyası ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallığı fonunda Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək alternativ və davamlı enerji mənbələrinin təminatçısı rolunu gücləndirir. Forum çərçivəsində bu istiqamətdə aparılan müzakirələr ölkəmizin strateji əhəmiyyətini bir daha artırdı.
Üçüncü istiqamət nəqliyyat və logistika layihələri ilə bağlıdır. Xəzər hövzəsini Avropa və Asiya ilə birləşdirən Orta Dəhliz layihəsi bu gün qlobal ticarət marşrutlarının yenidən formalaşdığı dövrdə xüsusi əhəmiyyət kəsb edir. Antalya platformasında bu məsələlərin gündəmdə olması Azərbaycanın tranzit ölkə kimi rolunun daha da möhkəmləndiyini göstərdi.
Eyni zamanda, forum Azərbaycanın Türk dünyası ilə münasibətlərinin strateji xarakterini də nümayiş etdirdi. Türkiyə ilə müttəfiqlik münasibətləri və bu münasibətlərin regional siyasətə təsiri Antalya görüşlərində xüsusi yer tutdu. Bu isə Azərbaycanın yalnız regional deyil, daha geniş geosiyasi məkanın əsas oyunçularından birinə çevrildiyini təsdiqləyir.
Bütün bunlarla yanaşı, Antalya Diplomatiya Forumu Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynadı. Azərbaycan burada etibarlı tərəfdaş, sözünün sahibi olan dövlət və təşəbbüskar aktor kimi təqdim olundu”, – deyə U.Mirzəyev vurğulayıb.
QHT sədri əlavə edib ki, 5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın dəyişən dünya nizamında tutduğu mövqenin gücləndiyini, ölkəmizin yalnız regional deyil, qlobal səviyyədə də mühüm siyasi və iqtisadi proseslərə təsir göstərmək imkanlarının artdığını bir daha nümayiş etdirdi.
