Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər.
“Açıq Qapı” gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.
Tədbiri giriş sözü ilə açan İmişli rayon prokuroru Valeh Səmədov çıxış edərək bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın təmin olunmasının və ictimaiyyətlə açıq dialoqun əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Rayon prokuroru iştirakçılara prokurorluğun səlahiyyətləri, fəaliyyət mexanizmləri və gündəlik iş istiqamətləri barədə ətraflı məlumat verib, eyni zamanda onları maraqlandıran sualları cavablandırıb.
Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış edərək respublika üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, aparılan islahatların əsas hədəfinin vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən İmişli rayon prokurorluğunun əməkdaşları da öz fəaliyyət sahələri üzrə məlumat verərək praktiki təcrübələrini iştirakçılarla bölüşüblər. İştirakçılar hüquqi prosedurlar və prokurorluğun iş prinsipləri ilə bağlı suallarına ətraflı cavablar alıblar.
Tədbir zamanı iştirakçılar “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlarla yaxından tanış olub, onların istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
Daha sonra prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub.
