Dövlətimizin başçısı İlham Əliyevin “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız – hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” fikirləri bu günlərdə Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının qəbul etdikləri, Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlarına zərbə vurmaq məqsədi daşıyan qətnamələrin nə qədər əsassız, sülhə qarşı yönəlmiş təxribat olduğunu bir daha təsdiqləyir. Azərbaycana qarşı zaman-zaman belə qərəzli qətnamələr qəbul edilsə də reallıqlarımız onların adi kağız parçasından başqa bir şey olmadığını həm həmin sənədlərin müəlliflərinə, həm də ümumilikdə Azərbaycanın uğurlarını, müstəqil siyasətini, regionda və dünyada yerinin, nüfuzunun möhkəmlənməsini həzm edə bilməyən dövlətlərə əsaslı şəkildə nümayiş etdirib. Belə heç bir reallığa söykənməyən sənədlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə təsir etmək imkanında deyil və edə də bilməz. Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi, modeli beynəlxalq arenada yüksək səviyyədə təqdir edilir, yeni əməkdaşlıq modellərinin yaradılması fonunda ölkələr, xalqlar daha da yaxınlaşır, sülhün, təhlükəsizliyin, qarşılıqlı etimad mühitinin mövcudluğunun dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolu bir daha açıqlanır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” diplomatik uğurla yanaşı, eyni zamanda, Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının qətnamələrində Azərbaycan ilə Ermənistan arasında keçmişdə mövcud olmuş münaqişənin tarixi, nəticələri təhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulur. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin mahiyyətindən, 30 illik işğal dövrünün reallıqlarından, 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlardan xəbərsiz olan həmin qətnamələrin “müəllifləri” erməni faşizminə sevgilərini nümayiş etdirmədən öncə gerçəklikləri öyrənmək barədə düşünsəydilər daha yaxşı olardı. Onların qəbul etdikləri bu sənədlər qeyri-sağlam və irqçi təxəyyülün məhsuludur. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfə sülh təklifini etməklə dünya tarixində ilkə imza atdı. Hər zaman vurğulandığı kimi, bu, tarixi Zəfərimizəqədərki dövrün reallıqlarını, Azərbaycanın yaşadığı faciələri, soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələrini, şəhidlərimizi unutmağımız anlamına gələ bilməz. Sadəcə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi zamanın tələbidir. Bu baxımdan Belçika və Niderland parlamentariləri çirkin niyyətlərini, məqsədlərini erməni sevgisi adı altında ört-basdır etməyə çalışanda qeyd etdiyimiz reallıqları unutmamalı idilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.
Siyasi motivli qətnamələr Azərbaycan üçün, sadəcə, kağız parçasıdır
Vüqar Rəhimzadə vurğulayıb ki, Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının aprelin 16-da qəbul etdikləri heç bir əsasa söykənməyən, qərəzli qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönələn addımlara zərbə vurmaq məqsədi daşıyır. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Həmin sülh gündəliyində beynəlxalq hüququn beş əsas prinsipi öz əksini tapıb. Belçika və Niderland parlamentarilərinin sülh gündəliyində əksini tapmayan tələbləri gündəmə gətirmək cəhdləri sülh prosesinə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hədəflənir. Bu qətnamələr Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı ilk qərəzli addımları deyil. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, bu kimi qərəzli qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycanın müstəqil siyasətini, uğurlarını həzm edə bilməyən dövlətlər bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının regionda və dünya siyasətində yaratdığı yenilikləri böyük qısqanclıq hissi ilə qarşılayırlar. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişaf modelini, sülh və əməkdaşlıq nümunəsini həzm etmək üçün ədalətin, beynəlxalq hüququn yanında olmaq lazımdır ki, bu da bəzi dövlətlərin maraqlarına uyğun deyil. Bu baxımdan ölkəmizə qarşı qəbul edilən, Azərbaycan üçün sadəcə kağız parçası olan qətnamələr hüquqi deyil, siyasi motivlidir. Azərbaycan hər zaman tutduğu yola sadiqdir. Heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir etmək imkanında deyil.
