Teleqraf xəbər verir ki, bu barədə “Euronews”un Azərbaycanın forum hazırlıqlarına həsr olunmuş reportajında bildirilir.
Qeyd edilib ki, Azərbaycan qlobal dialoqa töhfə vermək məqsədilə beynəlxalq tərəfdaşlıqlarda fəal iştirak edir.
“Bu gün fəxrlə deyə bilərik ki, UN-Habitat-ın İcraiyyə Şurasının üzvüyük. Bundan başqa, biz hamı üçün əlçatan mənzil təminatı üzrə Hökumətlərarası İşçi Qrupuna həmsədrlik edirik”, – telekanal WUF 13-ün milli koordinatorunun müavini Gülşən Rzayevanın sözlərindən sitat gətirir.
O vurğulayıb ki, bu platformalar mənzil təminatı kimi aktual çağırışların müzakirəsi üçün geniş imkanlar yaradır.
“Euronews” qeyd edib ki, WUF13-ə hazırlıq məqsədilə keçirilən milli forumlar ölkənin bu sahədəki təcrübəsini bölüşmək üçün möhkəm təməl rolunu oynayıb:
“Dünyanın bir çox şəhərləri sürətli şəhərsalma, iqlimə davamlılıq və dayanıqlı inkişaf kimi bənzər problemlərlə üzləşir ki, bu da beynəlxalq təcrübə mübadiləsini zəruri edir”.
Telekanal qeyd edir ki, bu kontekstdə dayanıqlı inkişaf məqsədləri WUF13-də aparıcı yer tutur, çünki onlar şəhərlərin planlaşdırılması, idarə olunması və inkişafına yanaşmaları müəyyən edən qlobal çərçivəni formalaşdırır.
Reportajda həmçinin Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynovun sözləri sitat gətirilir. Onun sözlərinə görə, Azərbaycan iki-üç ildən bir toplanan Dayanıqlı İnkişaf Məqsədləri üzrə dialoq platforması yaradıb.
“Biz müxtəlif dayanıqlı inkişaf məqsədləri kontekstində cəmiyyətlərin üzləşdiyi çağırışları müzakirə edirik. Bu müzakirələrin nəticələrinə əsasən həm özəl, həm də dövlət sektoru üçün öhdəliklər formalaşdırılır, bundan sonra isə müxtəlif icmalara mövcud problemlərin həlli və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində çağırışların aradan qaldırılması barədə tövsiyələr göndəririk”, – o bildirib.
UN-Habitat-ın Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave isə qeyd edib ki, WUF tənzimləyici tədbir deyil. Bilik mübadiləsi platforması olaraq təşkilatçılar təcrübə mübadiləsi üçün tərəflər arasında dialoq aparmaq imkanına üstünlük verirlər.
“Biz realist olmalıyıq. Heç bir ölkə, heç bir iştirakçı bütün problemlərin hazır həllinə malik deyil. İnsanlar buraya başqalarından öyrənmək və əldə etdikləri bilikləri öz kontekstlərinə uyğun olaraq tətbiq etmək üçün gəlirlər”, – o qeyd edib.
Telekanal bildirir ki, Azərbaycanın təqdim etdiyi təşəbbüslər ölkənin şəhərlərin bərpası, münaqişədən sonrakı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, nəqliyyat və innovasiyalar sahəsindəki təcrübəsini bölüşməyə yönəlib və bu, WUF 13-ü xüsusilə əhəmiyyətli hadisəyə çevirir.
