Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələr və Çin dili kurslarının dinləyicilərini “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında rolu” mövzusunda inşa müsabiqəsinə dəvət edir.
ADU-dan AZƏRTAC-a verilən məlumata görə, müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Müsabiqəyə Azərbaycan və Çin dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq. Müsabiqə iştirakçılarının işləri mayın 7-dək rafabba@yandex.ru elektron poçt ünvanına qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.
