Aprel 26, 2026-17:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Mirhəsən Həsənov: Azərbaycanlılar Çernobılda xilasetmə işlərində fəal iştirak ediblər

2026:04:25 - 17:45
in MÜSAHİBƏ
A A
Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş verən qəzadan 40 il ötür. Partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücünün vaxtilə Yaponiyanın Xirosima şəhərinə atılmış bombanın 500 misli qədər olduğu bildirilir.

Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin sayı dəqiq bilinməsə də, ehtimal olunur ki, bu, 50-100 min nəfər ola bilər.

Stansiyada qəzanın nəticələrinin aradan qaldırılmasında azərbaycanlıların da rolu böyük olub. Belə ki, həmin vaxt orada hərbi xidmətdə olan bir çox azərbaycanlı faciədən dərhal sonra əraziyə cəlb olunub. Bundan başqa, respublikadan qəzanın fəsadlarının aradan qaldırılması üçün çox sayda könüllü Ukraynaya gedib.

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri, o vaxt faciənin nəticələrinin aradan qaldırılmasına cəlb olunan Mirhəsən Həsənov “Report”a müsahibəsində fəlakət zamanı şahid olduğu hadisələrdən, orada xidmət aparan azərbaycanlıların rolundan, eləcə də həmin şəxslərin sağlamlıqlarında yaranan problemlər və onlara müstəqil Azərbaycan dövlətinin göstərdiyi qayğıdan danışıb.

– Mirhəsən müəllim, Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxs kimi bu hadisə yaddaşınıza necə həkk olunub?

– Faciədən 40 il keçməsinə baxmayaraq, orada keçirdiyimiz günlər yaddaşımda hər anına qədər qalıb. Bu faciə Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən 8 500 azərbaycanlının yaddaşında da silinməz izlər buraxıb. Çernobıl fəlakəti təkcə bir respublikanın deyil, bütün bəşəriyyətin faciəsi idi.

– Hadisə yerinə nə vaxt cəlb olunmusunuz?

– Mən həmin zaman hərbi xidmətdə idim. Biz hadisə yerinə aprelin 28-i cəlb olunmuşuq. O vaxt Minsk şəhərində idik. Gecə saatlarında həyəcan siqnalı ilə yataqdan qalxdıq və hadisə yerinə yola düşdük. Şəhərə girərkən bizi xüsusi geyimli kimyaçılar qarşıladılar. Oradan çıxan avtomobillər müəyyən məhlullarla yuyulurdu. Hadisə yerinə gedəndə pəncərəni açıb ətrafa baxmaq istədim, zabit təkid etdi ki, pəncərəni bağlayım. O zaman heç nə anlamırdım. Məxfilik səbəbindən bizə məlumat verilmədiyi üçün orada davranış qaydasını da bilmirdik. Bu səbəbdən, ərazidə olan meyvələrdən yeyir, eləcə də bir çox məhsullardan istifadə edirdik.

Hər ay bizdən qan analizi götürülür və bir çox əsgər yoldaşımız ərazidən aparılırdı. Onları hara və niyə göndərdikləri barədə bizə məlumat vermirdilər.

– O zaman radiasiya barədə hər hansı bir məlumatınız var idimi?

– Bəli, həqiqi hərbi xidmət zamanı oraya cəlb olunmuşdum. Biz 40 il bundan əvvəl radiasiyanın nə olduğunu bilmirdik. 1 il 6 ay həmin zonada olmuşam. Oraya gedəndə əsas iş əhalinin evakuasiyasını həyata keçirməkdən ibarət olmuşdu. Hadisə yerinə ilk cəlb olunan yanğınsöndürənlərin səhhətində ciddi problemlər yaranmışdı. Bu səbəbdən reaktora robotların göndərilməsi planlaşdırılırdı, lakin göndərilən robotlar dərhal sıradan çıxdı. Ona görə də ora insan qüvvəsini göndərməyə məcbur oldular və hərbçilərdən istifadə olunması məsələsi gündəmə gəldi.

4-cü reaktorda baş verən partlayış nəticəsində 3-cü nüvə reaktorunun üzərinə radioaktiv maddələr atılmışdı. Bu, 3-cü nüvə reaktorunun tavanının çökməsinə və həmin reaktorda da partlayış baş verməsinə səbəb ola bilərdi. Ona görə də ilk işlərdən biri 3-cü reaktorun üzərindən bu maddələri təmizləmək idi. Radioaktiv maddələrin yüklənməsi və daşınmasında da hərbçilərdən istifadə olunurdu. Təhlükə bir az sovuşandan sonra reaktorun yaxınlığına insanlar cəlb olundular və orada 3 dəqiqəlik rejim tətbiq olundu. Belə ki, 3 dəqiqə ərzində reaktorun üzərinə qalxmalı, maddələri aşağı atıb düşməli idik.

– Xilasetmə işləri zamanı hansı çətinlikləriniz olub?

– Ən böyük çətinlik insanların evakuasiyası idi. Onlar öz evlərini qoyub getmək istəmirdilər. Sakinlər evlərindən sadəcə üzərlərindəki geyimlə çıxmalı, özləri ilə heç nə götürməməli idilər. Bu, çox ağrılı və çətin proses idi.

– Faciənin nəticələrinin aradan qaldırılmasında ittifaqa üzv dövlət kimi Azərbaycanın və azərbaycanlıların rolu nədən ibarət olub?

– Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün 8 500 azərbaycanlı göndərilmişdi. Hadisə yaxınlığından çıxarılan əhalinin başqa bir şəhərdə məskunlaşması üçün Bakı məhəlləsi tikilmişdi. O məhəllə Azərbaycanın hesabına inşa olunmuşdu. Orada digər respublikaların tikdiyi məhəllələr də var idi. İnsanların təxliyəsində və yeni tikilən məhəlləyə yerləşdirilməsində bizim respublikanın rolu böyük olub.

– Ərazidə fəaliyyət göstərən insanların, hərbi qulluqçuların psixoloji durumu, onların səhhəti hansı vəziyyətdə idi?

– Həmin vaxt səhhətində problem yaranan və bu səbəbdən ordudan tərxis edilən xeyli insan var idi. Oraya gedəndə radiasiya haqqında məlumatımız yox idi. Bizi qarşıda gözləyən təhlükə barədə də məlumat verilmirdi. Şəhər əhalisi təxliyə edilən zaman yenidən qayıdacaqlarını düşünürdülər. Pripyat şəhərində 50 mindən çox insan yaşayırdı, lakin getdikcə şəhər boşalır, ərazidə psixoloji gərginlik yaranırdı. Baş verən proseslərdən aydın olurdu ki, artıq bu şəhərə geri dönüş olmayacaq. Hərbçi olaraq, orada iştirakımız və insanlara kömək etməyimiz vacib idi.

– Hazırda faciənin qurbanı olan, yəni hadisə nəticəsində həyatını, eləcə də sağlamlığını itirən nə qədər azərbaycanlı var?

– Bu hadisədən sonra faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edən 4 mindən çox azərbaycanlı, eləcə də onların övladları vəfat edib, həmçinin Çernobıl iştirakçılarının müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları var. Hazırda Azərbaycanda Çernobıl hadisəsinin nəticələrinin aradan qaldırılmasına cəlb olunan və qəzadan zərərçəkən 3 900, həmin şəxslərin içərisində birbaşa hadisənin episentrində olan 2 100 nəfərdən çox şəxs var.

– Hazırda bu faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, eləcə də onların ailə üzvlərinə dövlət tərəfindən hansı yardımlar edilir?

– Bu gün Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılara dövlətimiz lazımı yardımları edir. Həmin vaxt hadisə barədə məlumatlar 4 il gizli saxlanıldığı üçün Çernobıl əlillərinə sosial yardım edilmir, səhiyyə müəssisələrində sağlam olduğumuzu bildirib məsələyə ötəri yanaşırdılar. Biz faciəni həm Çernobılda, həm də oradan qayıtdıqdan sonra yaşamışıq.

90-cı illərdə Çernobıl iştirakçıları haqlarını tələb etməyə başladılar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, həmçinin bu zaman zərərçəkmiş vətəndaşların statusu, eləcə də sosial müdafiəsi haqqında parlamentdə qanun qəbul olundu və Ulu Öndər tərəfindən imzalandı.

Sonrakı dövrlərdə də sosialyönümlü qanunvericilik aktlarında Çernobıl əlillərinə xüsusi güzəştlərin verilməsi həllini tapdı. 2008-ci ildə Prezident İlham Əliyev “müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsi haqqında” fərman imzaladı və bu fərman Çernobıl əlillərinə də şamil edildi. Sosial güzəştlərlə Çernobıl əlillərinin həyatında müsbət tərəfdən ciddi dəyişikliklər olub. Ağrılar, acılar, xəstəliklər təkcə Çernobıl iştirakçılarının həyatı ilə yekunlaşmamışdı, onların uşaqları şikəst doğulmuşdu, bir çoxu tələf olmuşdu. Hazırda Çernobıl iştirakçılarının uşaqlarının bəziləri də atalarının çəkdikləri yükü indi öz çiyinlərində çəkirlər.

Bu günə qədər Prezident İlham Əliyevin fərmanı əsasında 450 ailə mənzillə təmin olunub. Çernobıl əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin 90 faizi həllini tapıb. Azərbaycan Çernobıl əlillərinin hüquqları dövlət tərəfindən qorunur. Onlara ölkəmizdə göstərilən münasibət postsovet dövlətlərin heç birində göstərilmir.

Əvvəlki Yazı

Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb

Növbəti Yazı

WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.