Nəriman Nərimanov xatirə muzeyi, Yunus Əmrə İnstitutu və Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir keçirib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Yunus Əmrə İnstitutunda baş tutan tədbir görkəmli ictimai-siyasi və dövlət xadimi, dramaturq, həkim, müəllim N.Nərimanovun anadan olmasının 156-cı ildönümünə həsr edilib.
Tədbirdə tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri, muzey əməkdaşları iştirak ediblər.
Cəlal İbrahimlinin moderatorluğu ilə keçən tədbirdə ziyalıların N.Nərimanov və Türk dünyası haqda ətraflı çıxışları dinlənilib.
Muzeyinin direktoru Ləman Hüseynova “Nargin – “Ölüm adası”nda qardaşlığımızın tarixi” mövzusunda hazırladığı təqdimatla çıxış edib.
Tədbirin məqsədi, N.Nərimanovun zəngin irsini, xüsusilə də onun türkçülük ideyalarına münasibətini elmi müstəvidə araşdırmaq və geniş ictimaiyyətə təqdim etmək, eləcə də milli-mənəvi dəyərlərin təbliği, tariximizin görkəmli şəxsiyyətlərinin gənc nəsil arasında tanıdılması və elmi əməkdaşlığın gücləndirilməsidir.
