“Report”un məlumatına görə, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov “X” hesabında yazıb.
O, aprelin 30-da dünyada Beynəlxalq Caz Gününün qeyd edildiyini xatırladıb.
Səfirin sözlərinə görə, filmdə İsveç və Azərbaycan arasındakı unikal mədəni qarşılıqlı əlaqədən bəhs edilir, burada cazın xalq musiqi ənənələri ilə sintezi mədəniyyətləri birləşdirən universal dil formalaşdırır.
Filmdə hadisələr Stokholmda cərəyan etməyə başlayır və isveçli caz pianoçusu Yan Yuhansonun irsinə müraciət yer alır. Onun “Jazz på Svenska” əsəri ölkənin musiqi kimliyinin mühüm hissəsinə çevrilib. Sonra hekayədə 1966-cı ildə Tallindəki caz festivalında baş verən tarixi görüş əks olunur. Bu görüşdə Yuhanson Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadə ilə tanış olub.
Qeyd olunur ki, Mustafazadə həmin dövrdə improvizasiya, mürəkkəb modal quruluş və mikrotonal xüsusiyyətləri ilə fərqlənən Azərbaycanın ənənəvi musiqi sənətinin – muğamın və cazın inqilabi sintezini inkişaf etdirirdi.
“Bu, “paralel kainatda” baş vermiş bir görüş idi və o, duyğu və improvizasiya azadlığının birləşdirdiyi fərqli musiqi dilləri olan İsveç folk-cazı ilə Azərbaycan caz-muğamı arasındakı heyrətamiz oxşarlıqları üzə çıxardı”, – səfir yazır.
Şərqə səyahəti davam etdirən film Avropa ilə Asiya arasında tarixi sivilizasiyaların kəsişdiyi Bakıya yol alır. Azərbaycanın unikal coğrafi mövqeyinin onun musiqi mədəniyyətinin formalaşmasına dərin təsir göstərdiyi vurğulanır. Muğam müxtəlif dövrlərin mədəni mərhələlərini özündə əks etdirib, XX əsrdə isə caz Bakının musiqi sintezi üçün əlverişli mühitə çevrilməsinə töhfə verib.
“Sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda caz yaradıcılıq azadlığı məkanı kimi inkişaf etməyə davam edirdi, bunun sayəsində Bakı parlaq festivalları və kosmopolit atmosferi ilə heyran edən “caz şəhəri” kimi şöhrət qazanıb”, – səfir vurğulayıb.
Filmdə həmçinin Vaqif Mustafazadənin ev-muzeyi və onun irsindən ilham almağa davam edən müasir musiqiçilərlə söhbətlər də yer alır.
Filmdə Azərbaycanın tanınmış caz ifaçılarının çıxışları xüsusi yer tutur, onların arasında korifeyin qızı Əzizə Mustafazadə, eləcə də dünyaca məşhur İsfar Sarabski, Şahin Növrəsli, Emil Əfrasiyab, Elçin Şirinov və Etibar Əsədli də var.
Sənədli film Mustafazadənin irsinin yeni nəsilləri ilhamlandırmağa davam etdiyini göstərir. Azərbaycanın dünyaca məşhur caz sənətçilərinin – Əzizə Mustafazadə, İsfar Sarabski, Şahin Növrəsli, Emil Əfrasiyab, Elçin Şirinov və Etibar Əsədlinin parlaq çıxışları sübut edir ki, caz-muğam ənənədə kök salmış, eyni zamanda müasir olan canlı, inkişaf edən sənət növü olaraq qalmaqdadır.
