Kuba ABŞ ilə qarşılıqlılıq, bərabərlik və suverenliyə hörmət əsasında ikitərəfli dialoqa hazırdır. Bu barədə jurnalistlərə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman bildirib.
“Biz illərdir ardıcıl olaraq ABŞ hökuməti ilə qarşılıqlılıq, bərabərlik, suverenliyə və müstəqilliyə hörmət və daxili işlərə müdaxilə etməmək prinsiplərinə əsaslanan ikitərəfli dialoqa hazır olduğumuzu və həqiqətən istədiyimizi bildirmişik. Rejimin dəyişməsi və ya rəhbərliyin vəzifədən kənarlaşdırılması qətiyyən mümkün deyil; Kubanın daxili işləri danışıqlar mövzusu deyil”, – deyə o bildirib.
Onun sözlərinə görə, Havana yalnız ölkənin daxili siyasi kursuna təsir etməyən mövzuları müzakirə etməyə açıqdır. O, hər hansı bir təmasların yalnız müdaxilə etməmək və milli suverenliyə hörmət prinsipinə əməl edildiyi təqdirdə mümkün olduğunu vurğulayıb.
