Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) heç kimə təhlükə yaratmır və heç bir dövlətə və ya təşkilata qarşı çıxmaq məqsədi daşımır. Bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov bildirib.
O, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Beynəlxalq Sülhü və Sabitliyi Birlikdə Möhkəmləndirmək” mövzusunda keçirilən beynəlxalq dəyirmi masa müzakirəsində çıxış edərkən bildirib: “KTMT müdafiə ittifaqıdır. Heç kimə təhlükə yaratmır. Başqa heç bir təşkilata və ya ölkəyə qarşı çıxmaq məqsədi daşımır. Strateji məqsədimiz tərəfdaşlıq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əsaslanan səyləri birləşdirməklə kollektiv təhlükəsizliyi təmin etməkdir”.
“KTMT-nin gündəlik fəaliyyətinin leytmotivi ATƏT-in prinsipləri ilə uyğundur: biz hər bir üzv dövlətin milli təhlükəsizliyini gücləndirməklə və blok əsaslı düşüncəni rədd etməklə bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi prinsipinə üstünlük veririk”, – deyə təşkilatın baş katibi vurğulayıb. “KTMT daxilində regiondankənar güclər və müvafiq olaraq regiondankənar maraqlar yoxdur”, – deyə Masadıkov qeyd edib. (Tass)
