“BDU könüllüləri” təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Miqrasiya Könüllüsü” İctimai Birliyi və “EduLAB Chess School” şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Rektor Elçin Babayev Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunan layihənin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Tələbə təşkilatları tərəfindən reallaşdırılan belə təşəbbüslərin gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli olduğunu deyib, turnirin iştirakçılarına uğurlar arzulayıb.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Ulu Öndərin gənclərə diqqət və qayğısının bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirildiyini, dövlət idarələrində könüllülük hərəkatına dəstək göstərildiyini deyib. Keçirilən turnirin də həmin siyasət və məqsədin bir hissəsi olduğunu bildirib.
AKTİ-nin baş katibi Kamran Məmmədov gənclərə ən böyük güc mərkəzi kimi baxıldığını və müasir dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünün fərqli formatda, interaktiv və dinamik şəkildə keçirildiyini bildirib.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli turnirdə zəkanın, strateji düşüncənin və sağlam rəqabətin bir araya gəldiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra “EduLAB Chess School” şahmat məktəbinin direktoru Rəhimə Məcidova turnirin qaydalarını iştirakçılara izah edib.
Müxtəlif könüllü təşkilatlarından olan gənclər püşkatma yolu ilə qarşılaşdırılıb. Üç turluq mübarizədən sonra Yasəmən Məmmədova I, Aydın Əkbərov II, Nurlan Məmmədli isə III yerlərə layiq görülüb.
Qaliblər sertifikat və medallarla mükafatlandırılıb.
