Avropa İttifaqı (Aİ) viza liberallaşdırılmasını dəstəkləmək üçün Ermənistana 2,2 milyon avro ayıracaq. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vəsait sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında islahatlara sərf olunacaq.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, “Avropa İttifaqı viza liberallaşdırılması prosesini dəstəkləmək üçün Ermənistana 2,2 milyon avro ayırır. Maliyyələşdirmə sərhəd idarəçiliyinə, sənəd təhlükəsizliyinə və hüquq-mühafizə orqanlarının islahatlarına yönəldiləcək”. Həmçinin, vəsaitin 1 iyunda başlayan “Sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatı sahəsində Ermənistanda viza liberallaşdırılması dialoquna dəstək” proqramı çərçivəsində istifadə olunacağı dəqiqləşdirilib.
Daxili İşlər naziri Arpine Sarkisyan da vurğulayıb ki, bu, Ermənistanda viza liberallaşdırılmasını birbaşa dəstəkləyən ilk proqramdır. Nazirliyin məlumatına görə, bu proqram Litva tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ermənistan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. (Tass)
