Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova deyib. O bildirib ki, Azərbaycanın keçdiyi yolun mahiyyəti də məhz bu praqmatizmdədir: “Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ağır vəziyyəti xatırladaraq bildirdi ki, həmin dövrdə iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, işğal faktı, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ölkənin qarşısında son dərəcə ciddi çağırışlar yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın yeganə çıxış yolu malik olduğu təbii sərvətlərdən səmərəli istifadə etmək idi. Bu strategiyanın nəticələri isə bu gün bütün dünyaya bəllidir. Dövlət başçısı Azərbaycanın iqtisadi göstəricilərinin davamlı şəkildə yaxşılaşdığını vurğuladı. Xarici borcun minimum səviyyəyə endirilməsi, valyuta ehtiyatlarının sürətlə artması və maliyyə müstəqilliyinin təmin olunması ölkənin güclü iqtisadi modelinin göstəriciləridir. Ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Azərbaycanın enerji siyasəti yalnız iqtisadi uğurlar yaratmayıb. Bu siyasət ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsində də həlledici rol oynayıb. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Azərbaycanın iqtisadi qüdrəti və enerji gəlirlərindən düzgün istifadə nəticəsində formalaşan güclü dövlət modeli Vətən müharibəsində tarixi Zəfərin qazanılmasına mühüm töhfə verdi”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin ən parlaq göstəricilərindən biridir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüskarlığının və uzaqgörən siyasətinin nəticəsidir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Lakin Azərbaycanın enerji strategiyası yalnız neft və qazla məhdudlaşmır. Prezident İlham Əliyev çıxışında ölkənin yaşıl enerji sahəsindəki ambisiyalı planlarını da açıqladı. Gələn ilin sonunadək bərpaolunan enerji üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması hədəfi Azərbaycanın enerji keçidində də lider mövqedə olduğunu göstərir. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Buna baxmayaraq, Azərbaycan məsuliyyətli dövlət kimi yaşıl enerji layihələrinə böyük sərmayələr yatırır. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın uğurunun əsasında yalnız təbii sərvətlər deyil, düzgün strategiya, milli maraqlara söykənən siyasət, güclü liderlik və uzaqgörən dövlət idarəçiliyi dayanır. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı, nəqliyyat dəhlizlərinin mərkəzi, regional əməkdaşlığın aparıcı qüvvəsi və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bakıdan dünyaya verilən əsas mesaj isə çox aydındır: təbii sərvətlər özlüyündə sərvət deyil, onları xalqın rifahına, dövlətin gücünə və gələcəyin qurulmasına çevirə bilmək əsl uğurdur. Azərbaycan bu uğurun ən parlaq nümunələrindən birinə çevrilib və bu gün artıq enerji gücünü geosiyasi liderliyə transformasiya edən dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur”.
