“Bakı Enerji Həftəsi” Azərbaycan üçün olduqca mühüm və əlamətdar platformadır. Bu tədbir çərçivəsində bir sıra vacib görüşlər keçirilib, mühüm müzakirələr aparılıb və əhəmiyyətli fikirlər səsləndirilib. Xüsusilə Prezident İlham Əliyevin çıxışında yer alan məqamlar böyük əhəmiyyət kəsb edir. Çünki bu fikirlər Azərbaycanın enerji siyasətinin mahiyyətini və əsas prioritetlərini aydın şəkildə ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib
“Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycana qarşı zaman-zaman səsləndirilən və ölkənin neft-qaz istehsalçısı olması ilə əsaslandırılan tənqidlər əsassızdır. Çünki belə yanaşmalarda iddia olunur ki, neft-qaz ölkələri yaşıl enerji gündəliyini həyata keçirə bilməzlər. Lakin Azərbaycan nümunəsi bunun əksini göstərir. Belə ki, ölkə neft və qaz ixracından əldə etdiyi gəlirlər hesabına genişmiqyaslı yaşıl enerji layihələri reallaşdırır, Günəş və külək elektrik stansiyalarının tikintisini həyata keçirir”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu prosesdə diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlığı digər neft istehsalçısı ölkələrlə birlikdə həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələr də enerji sektorundan əldə etdikləri gəlirləri bərpaolunan enerji layihələrinə yönəldirlər. Bu isə onu göstərir ki, neft-qaz ölkələrinin qlobal iqlim gündəliyinə töhfə verə bilməməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir.
Digər tərəfdən, Prezident İlham Əliyev qeyd edib ki, neft-qaz sahəsi Azərbaycan üçün strateji əhəmiyyətini qoruyub saxlayır. Bununla yanaşı, hazırkı mərhələdə diqqətin daha çox emal sənayesinin inkişafına yönəldilməsi vacibdir. Azərbaycanın neft-qaz emalı sahəsində imkanları genişlənir və istehsal olunan məhsullar beynəlxalq bazarlara çıxarılır. Hazırda ölkənin ümumi emal gücü illik 30 milyon tona çatıb. Eyni zamanda, Azərbaycanın hüdudlarından kənarda da emal sənayesi ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr isə ölkənin iqtisadi imkanlarını genişləndirir, xarici iqtisadi əlaqələrinin şaxələndirilməsinə və beynəlxalq iqtisadi mövqelərinin möhkəmlənməsinə xidmət edir.
“Prezident çıxışında perspektivlərlə bağlı məsələlərə də toxunub. Vurğulanıb ki, Azərbaycan enerji sahəsində beynəlxalq əməkdaşlığa açıqdır və digər ölkələrlə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq yalnız enerji resurslarının hasilatı ilə məhdudlaşmır. Eyni zamanda, digər ölkələrin neft və qaz ehtiyatlarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çatdırılması üçün də imkanlar yaradılır.
Təbii ki, bu gün Azərbaycan Avropanın mühüm qaz təchizatçılarından biridir. Bu amil xüsusilə vacibdir, çünki Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycan da öz növbəsində bu prosesə mühüm töhfə verir. Ölkənin həyata keçirdiyi layihələr və təşəbbüslər Avropa İttifaqı tərəfindən də dəstəklənir”, – deyə İlqar Vəlizadə vurğulayıb.
Politoloq, həmçinin bildirib ki, bütün bunlar isə öz növbəsində Azərbaycanın qlobal enerji və nəqliyyat marşrutlarındakı rolunu daha da artırır. Eyni zamanda, tərəfdaş ölkələr üçün yeni əməkdaşlıq imkanları formalaşdırır və Avropa məkanında enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
