Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən “Yaylaq” düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü günündə gənc fəallarla “Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirilib.
Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edənlər “Heydər Əliyev Məktəbi” layihəsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, milli-mənəvi dəyərlər xalqımızın əsrlər boyu formalaşan milli kimliyinin qorunması və inkişaf etdirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan xalqının milli kimliyi dilimiz, adət-ənənələrimiz, ailə dəyərlərimiz, böyüyə hörmət və kiçiyə qayğı kimi xüsusiyyətlər üzərində formalaşıb və nəsildən-nəslə ötürülüb.
Çıxışlarda vurğulanıb ki, qloballaşma şəraitində gənclər üçün yeni imkanlar yaransa da, milli kimliyin qorunması məsələsi daha da aktuallaşır. İnformasiya axınının sürətlə artdığı müasir dövrdə gənclərin öz milli köklərinə bağlı qalması, tarixi və mədəni irsini dərindən öyrənməsi xüsusi əhəmiyyət kəsb edir. Mənəvi dəyərlər insanın şəxsiyyət kimi formalaşmasında, Vətənə bağlılığının güclənməsində və vətəndaş məsuliyyətinin inkişafında mühüm rol oynayır.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, milli kimliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs olunub. Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dili, milli mədəniyyət, ədəbiyyat və tarixi irs dövlət qayğısı ilə əhatə olunub, azərbaycançılıq ideologiyası isə milli birliyin əsas sütunlarından birinə çevrilib.
Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə tarixi və mədəni abidələrin bərpası, Azərbaycan dilinin inkişafı və milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilir. Eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli kimliyə bağlılığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qeyd olunub.
Sonra layihə iştirakçıları üçün “Mənim xəyalımdakı ağıllı kənd” mövzusunda Yaradıcılıq Atelyesi (Workshop) müsabiqəsi təşkil olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı, dosent Fərid Kərimovun moderatorluğu ilə keçirilən müsabiqədə gənclər dörd komanda şəklində iştirak edərək gələcəyin yaşayış məskənlərini öz baxışları əsasında dizayn ediblər.
Təqdimatlardan sonra müsabiqənin nəticələri açıqlanıb və “Şirvanşahlar sarayı” komandası qalib elan edilib.
Görüşdə gənclərin layihə ilə bağlı fikirləri dinlənilib, iştirakçılar tərəfindən təkliflər səsləndirilib. Bu kimi tədbirlərin gənclər arasında ünsiyyətin genişlənməsinə və onların mədəni istirahətinin səmərəli təşkilinə töhfə verdiyi xüsusi vurğulanıb.
