Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin bütün nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin olunması məqsədilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir. Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi latın qrafikasında nəşr edilərək oxucuların ixtiyarına verilib. Doqquzuncu cild 1919-cu ilin noyabr ayını (311-333-cü nömrələri) əhatə edir.
ADA Universitetinin rektoru Hafiz Paşayev topluya yazdığı “Ön söz”də layihənin əhəmiyyətindən, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolundan vəhs edib. O, 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin tam külliyyatının ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmini və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük maraq doğuracağını vurğulayıb.
Toplunun XIV cildində hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müzakirə olunan qanun layihələri barədə materiallar, həmçinin bədii ədəbiyyat nümunələri yer alıb. Yeni cilddə qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və separatçılıq siyasətini əks etdirən məqalələr də dərc olunub. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırmaçılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir. Məqalələri oxuyarkən tarixin təkrarlandığının, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugünkü Azərbaycanda baş verən hadisələr arasındakı paralellərin, oxşarlıqların, müəyyən məqamlarda eyniyyətin şahidi oluruq. Məsələn, “Ermənistanda” (4 noyabr, nömrə 313) başlıqlı məqalədə oxuyuruq: “Yerkir” qəzetəsinin əxbaratına nəzərən [xəbərlərinə görə], Türkiyə Qara dəniz sahillində [sahillərində] həyatın namüsait şərait altında olmasından dolayı, Qarasu, Ordu, Qaranlı və Samsun erməniləri böyük dəstələrlə Qafqaziyaya mühacirət etməyə başlamışlardır. Onlara verilən itminanlara [təminatlara] da baxmayaraq, 1915-ci sənə hadisətinin təkərrüründən qorxurlar. Onlar yerlərində qalmadansa, mühacirət edərək fəqr [yoxsulluq] və ehtiyac içində yaşamağı tərcih edirlər Göründüyü kimi, məqalə tarixdən nəticə çıxarmaq üçün olduqca əhəmiyyətli və vacibdir. Bu mənada ADA Universitetinin xeyirxah təşəbbüsü Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək baxımından alqışa layiqdir. Həmin nömrədə “Teatro və Musiqi” rubrikasında “Yezid ibn Müaviyə” başlıqlı elan da maraqlıdır: “Bu gün seşənbə [çərşənbə axşamı] günü, təşrini-saninin (noyabrın) 4-də axşam Dövlət Teatrosunda məşhur müvərrix [tarixçi] Corci Zeydanın “Kərbəla yangısı” nam [adlı] əsərindən iqtibas edilmiş “Yezid ibn Müaviyə” nam faciə mövqeyi-tamaşaya qoyulacaqdır. Həmin faciə Mehdi bəy Hacıbababəyov tərəfindən səhnəyə salınmışdır.
Faciə dörd məclis, yeddi şəkildədir. Həmin tamaşa yeni dekorasiya və libaslarla oynanacaqdır.
Tamaşa axşam saat 8 tamamda başlanacaqdır. Biletlər satılır teatrın kassasında…”
Regional əməkdaşlıq və etibarlı tərəfdaşlıq ideyalarını ehtiva edən “Qonşuluq” (5 noyabr, nömrə 314) sərlövhəli məqalə isə o dövrün geosiyasi reallıqlarını işıqlandırmaqla bərabər, müasir dövrün regional münasibətləri baxımından da böyük aktuallıq kəsb edir: “…Azərbaycanın İrandan ötrü ən səmimi bir xeyirxah olduğunu dəlil və sübutlarla isbata bir o qədər də ehtiyac yoxdur. Burasını iranilər özləri yaxşı bilmədur. Aramızda dini, siyasi, ictimai və iqtisadi olaraq ən sıxı bir mərbutiyyət [bağlılıq] və yaxınlıq mövcud olduğu halda, Azərbaycan İrana qarşı bədxahanə bir vəziyyət ixtiyarına yol verməz…”
Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.
Qeyd edək ki, “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.
