16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Yaponiya arasındakı mövcud münasibətlər və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazirlər müxtəlif sahələrdə əldə olunmuş irəliləyişləri nəzərdən keçirib və hər iki ölkənin strateji prioritetlərinə uyğun olaraq ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün praktiki addımları müzakirə ediblər.

Müzakirələr zamanı siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət, investisiya, energetika, nəqliyyat və loqistika, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm və xalqlararası təmaslar diqqət mərkəzində olub.

Tərəflər ikitərəfli gündəliyin şaxələndirilməsinin, həmçinin həm ənənəvi, həm də yeni sahələrdə əməkdaşlıq imkanlarının yaradılmasının vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Azərbaycanın bütün Yaponiya vətəndaşları üçün viza rejimindən azad etmə rejimini tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

O, bu təşəbbüsün gediş-gəlişin asanlaşdırılması, işgüzar mübadilələrin artırılması, turizmin təşviqi və iki ölkə xalqları arasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm bir addım olduğunu bildirib.

2027-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran tərəflər, qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanan əlaqələrin sabit inkişafını məmnunluqla qarşılayıblar. Münasibətlərin daha da irəliləməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin, müntəzəm siyasi məsləhətləşmələrin, eləcə də parlament diplomatiyası və mədəni-akademik mübadilələrin rolu xüsusi qeyd olunub.

Görüşdə ticarət, investisiya, yaşıl texnologiyalar, dekarbonizasiya, bərpa olunan enerji, infrastrukturun inkişafı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də diqqət yetirilib. Enerji təhlükəsizliyi və Asiya ilə Avropanı birləşdirən regional nəqliyyat-loqistika şəbəkələrində Azərbaycanın etibarlı tərəfdaşlıq rolu vurğulanıb, nəqliyyat infrastrukturu və rəqəmsal bağlantı təşəbbüsləri müzakirə edilib.

Azərbaycan-Yaponiya birgə İqtisadi Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən nazirlər, investisiyaların qorunması üçün hüquqi baza yaradacaq və biznes subyektlərinə yeni imkanlar açacaq “Azərbaycan-Yaponiya İnvestisiya Sazişi” üzrə işlərin sürətləndirilməsinin vacibliyini ifadə ediblər.

Görüş zamanı həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmkarına regiondakı postmünaqişə vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, eləcə də Azərbaycanın regional kommunikasiya və iqtisadi əməkdaşlıq təşəbbüsləri barədə məlumat verib.

Sonda hər iki tərəf tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib və 2027-ci ildə qeyd olunacaq 35 illik yubileyin gələcək hədəflərin müəyyənləşdirilməsi üçün mükəmməl fürsət yaradacağına əminliklərini ifadə ediblər.