İyunun 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 279 nömrəli tam orta məktəbdə “Qərbi Azərbaycan: Tarixin izi ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlar şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi, həmçinin Qərbi Azərbaycanın tarixi-mədəni irsini əks etdirən abidələrin maketləri ilə tanış olublar.
Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Ardınca Qərbi Azərbaycan Televiziyasının İcmanın fəaliyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, ölkədə sabitlik və inkişafın əsasını qoyub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun və əldə etdiyi uğurların təməlində Milli Qurtuluş Günü dayanır. O qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub. Deputat vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri Qərbi Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bölgənin maddi-mədəni irsinin qorunması və saxtalaşdırılmış tarixi faktların ifşa edilməsidir.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev isə çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsinə çevrildiyini qeyd edib.
Milli Məclisin deputatları Vüqar İskəndərov, Qaya Məmmədov və Sevinc Fətəliyeva, həmçinin kulturoloq Fuad Məmmədov Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliği, tarixi-mədəni irsin qorunması, eləcə də bu istiqamətdə aparılan elmi və maarifləndirici fəaliyyətlərin əhəmiyyətindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib.
