Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” və Heydər Əliyev muzeyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov Milli Qurtuluş Gününün Azərbaycan tarixində ölkəmizin müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında, milli maraqlara əsaslanan daxili və xarici siyasətin formalaşdırılmasında, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsində və gələcək inkişaf strategiyasının müəyyən edilməsində müstəsna xidmətlərindən bəhs edib. Prorektor bu cür layihələrin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə “Milli qurtuluşdan dövlətçilik zirvəsinə: Heydər Əliyevin siyasi fəaliyyətinin formalaşması” mövzusunda çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə həyata keçirdiyi siyasi fəaliyyət, dövlət idarəçiliyində qazandığı zəngin təcrübə və müasir Azərbaycan dövlətinin qurulmasındakı mühüm rolu haqqında ətraflı məlumat verib. Dilarə Seyidzadə bildirib ki, Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyətli liderlik keyfiyyətləri və milli maraqlara söykənən siyasəti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı üçün etibarlı zəmin yaradıb.
Professor Dilarə Seyidzadə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarına toxunaraq onun dövlətçilik irsinin daim aktuallığını qoruyub saxladığını qeyd edib. Ulu Öndərlə bağlı xatirələrini bölüşən qonaq onun insanlarla münasibəti, iş prinsipləri, yüksək təşkilatçılıq bacarığı və dövlətə xidmət fəlsəfəsi haqqında maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb.
Görüş interaktiv müzakirələr şəraitində davam edib. Tələbələr və digər iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif aspektləri, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri ətrafında fikir mübadiləsi aparıblar.
