Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.
O qeyd edib ki, son 10 ildə meyvə və giləmeyvə bağlarının əkin sahəsi 85,8 faiz və yaxud 2 219,3 hektar, yığılmış məhsul isə 93,2 faiz və yaxud 22 681,2 ton artıb.
“Bu dövrdə çəltik bitkisinin əkin sahəsində və istehsal olunmuş məhsulda da artım olub. 2015-ci ildə rayon üzrə 680 hektar sahədə çəltik əkildiyi halda, 2025-ci ildə bu göstərici 1 306 hektara çatıb, istehsal həcmi isə 300 faiz artaraq 2 875,5 ton təşkil edib. Ölkə üzrə düyü ilə özünütəminetmə səviyyəsinin 28 faiz olduğunu nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsinin nə qədər mühüm önəm daşıdığı aydın görünür.
2015-ci il ilə müqayisədə taxıl istehsalında da artım müşahidə olunub. Belə ki, 2015-ci illə müqayisədə buğda istehsalı 97,4 faiz və yaxud 5 808 ton, arpa istehsalı isə 32,1 faiz və yaxud 8 187,9 ton artıb. Örtülü torpaqlarda tərəvəz istehsalının həcmi son 10 ildə 10 dəfədən çox artıb.
Əldə olunmuş inkişaf Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən çəltikçilik, baramaçılıq, bağçılıq və ərzaq təhlükəsizliyinə dair dövlət proqramlarının, eləcə də digər dövlət proqramlarının uğurlu icrası nəticəsində mümkün olunub”, – deyə Orxan Hüseynzadə əlavə edib.
