İyun 13, 2026-0:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır

2026:06:12 - 14:39
in SİYASƏT
A A

Azərbaycan-Türkiyə münasibətləri ortaq tarix, dil, din, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşaraq uzun illər ərzində strateji tərəfdaşlıq səviyyəsində inkişaf edib. Son illərdə isə regional və qlobal geosiyasi proseslərin dinamikası fonunda bu münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksələrək müttəfiqlik xarakteri qazanıb. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələrin hüquqi-siyasi əsaslarını möhkəmləndirən, regional təhlükəsizlik və əməkdaşlıq mühitinə mühüm təsir göstərən tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Qarabağ Zəfərindən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan bu sənəd yalnız Azərbaycan-Türkiyə münasibətlərinin yeni inkişaf mərhələsini müəyyən etmədi, eyni zamanda, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların siyasi manifesti və gələcək regional əməkdaşlıq modelinin strateji yol xəritəsi kimi çıxış etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Şuşa Bəyannaməsinin əsas mahiyyətindən danışan politoloq deyib ki, sənəd Azərbaycan-Türkiyə münasibətlərini strateji tərəfdaşlıq mərhələsindən rəsmi müttəfiqlik səviyyəsinə yüksəldib. Bəyannamə müdafiə və təhlükəsizlik, hərbi əməkdaşlıq, müdafiə sənayesi, xarici siyasətin əlaqələndirilməsi, iqtisadiyyat, enerji, nəqliyyat, kommunikasiya, informasiya təhlükəsizliyi, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Xüsusilə təhlükəsizlik sahəsində qarşılıqlı dəstək mexanizmlərinin təsbiti Azərbaycan və Türkiyənin milli maraqlarının, strateji hədəflərinin və təhlükəsizlik prioritetlərinin vahid müstəvidə uzlaşdığını nümayiş etdirir. Bu isə regionda sabitliyin möhkəmləndirilməsi, yeni təhlükə və çağırışlara qarşı effektiv mübarizə mexanizmlərinin formalaşdırılması, eləcə də mümkün risklərə qarşı koordinasiyalı fəaliyyətin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması da xüsusi siyasi, tarixi və simvolik məna daşıyır. Bu addım bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirib, digər tərəfdən isə Türkiyənin Azərbaycanın haqlı mövqeyinə verdiyi qətiyyətli siyasi və mənəvi dəstəyin davamlı xarakter daşıdığını təsdiqləyib. Şuşa hazırda təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda, Türk dünyasının birlik, həmrəylik və ortaq strateji iradəsinin rəmzinə çevrilib.

“Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik məsələlərinin aktuallığının artdığı bir dövrdə Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynayan fundamental sənəd kimi qiymətləndirilə bilər. İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi reallıqlar göstərdi ki, regionun gələcək inkişafı əməkdaşlıq, qarşılıqlı hörmət, suverenlik və beynəlxalq hüququn fundamental prinsipləri əsasında qurulmalıdır. Azərbaycan və Türkiyənin ortaq siyasi iradəsi regionda dayanıqlı sülhün təmin olunmasına, kommunikasiyaların açılmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına mühüm töhfə verir. Ona görə də, Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin hüquqi bazasını formalaşdıran sənəd deyil, həm də regional sülh, təhlükəsizlik və inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Sənədin iqtisadi və geoiqtisadi əhəmiyyəti də xüsusi diqqətə layiqdir. Azərbaycan və Türkiyə son onilliklər ərzində həyata keçirdikləri irimiqyaslı enerji və nəqliyyat layihələri vasitəsilə Avrasiyanın geoiqtisadi xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki ölkənin strateji əməkdaşlığının uğurlu nəticələri olmaqla yanaşı, regional iqtisadi inteqrasiyanın əsas sütunlarına çevrilən mühüm addımlardır. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirərək Orta Dəhlizin inkişafına, Şərq-Qərb nəqliyyat marşrutlarının genişləndirilməsinə və regionun qlobal ticarət sistemində rolunun gücləndirilməsinə töhfə vermiş oldu. Xüsusilə beynəlxalq logistika zəncirlərinin yenidən formalaşdığı və enerji təhlükəsizliyinin qlobal gündəliyin əsas mövzularından birinə çevrildiyi şəraitdə Azərbaycan-Türkiyə strateji tandeminin əhəmiyyəti daha da artır”, – deyə A.Qurbanova vurğulayıb.

Şuşa Bəyannaməsinin mühüm nəticələrindən danışan politoloq əlavə edib ki, bu sənəd Türk dünyasında inteqrasiya proseslərinə mühüm töhfə verib: “Azərbaycan və Türkiyə arasında formalaşmış müttəfiqlik modeli türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından uğurlu nümunə kimi çıxış edir. Son illərdə türk dövlətləri arasında qarşılıqlı əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya layihələrinin intensivləşməsi və ortaq siyasi platformaların möhkəmlənməsi bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunduğunu göstərir. Digər tərəfdən isə Şuşa Bəyannaməsi Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, regional və qlobal proseslərdə rolunu artırır, eyni zamanda, ölkənin strateji təhlükəsizlik imkanlarını genişləndirir. Türkiyə ilə münasibətlərin institusional müttəfiqlik səviyyəsində rəsmiləşdirilməsi uzunmüddətli perspektivdə regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi rifahın yüksəlməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.

Əvvəlki Yazı

Müstəqilliyimizin memarı!!!

Növbəti Yazı

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.