Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi Azərbaycan tarixinin, mədəniyyətinin və milli dəyərlərinin xaricdə təbliği istiqamətində ardıcıl fəaliyyətinin davamı olaraq “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “History of Azerbaijan” layihəsinin davamı olaraq ərsəyə gətirilmiş film 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. Layihənin rejissoru və prodüseri Kanadada fəaliyyət göstərən “ELTV Production” şirkətinin rəhbəri Elçin Muxtarovdur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihənin əsas məqsədi xaricdə yaşayan gənc diaspor nümayəndələrini Azərbaycan tarixinin mühüm mərhələləri, milli-mənəvi dəyərlərimiz və dövlətçilik ənənələrimiz barədə maarifləndirmək, onların vətənə bağlılığını daha da gücləndirməkdir.
Filmdə AzTV, Azərbaycan Dövlət Film Fondu, Bakı Media Mərkəzi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin arxiv materiallarından istifadə olunub.
