Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıyan addımlardan biri hesab oluna bilər. Elektron dövlət xidmətlərinin genişlənməsi, kritik informasiya infrastrukturunun rəqəmsallaşması, bulud texnologiyalarının tətbiqi və onlayn xidmətlərin çoxalması kiberhücum risklərini də artırır. Son illərdə dövlət qurumlarının, özəl sektorun və vətəndaşların rəqəmsal texnologiyalardan istifadəsinin sürətlə artması kibertəhlükəsizlik məsələlərini milli təhlükəsizlik səviyyəsinə yüksəldib. Belə bir şəraitdə vahid koordinasiya və operativ fəaliyyət imkanlarına malik ixtisaslaşmış qurumun yaradılması xüsusi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik sisteminin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
“Mərkəzləşdirilmiş monitorinq və koordinasiya imkanları sayəsində təhlükələrin erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması istiqamətində daha effektiv mexanizmlər formalaşacaq. Bu isə həm dövlət informasiya sistemlərinin, həm də kritik informasiya infrastrukturunun dayanıqlığını artıracaq. İlk növbədə, kibertəhlükəsizlik insidentlərinin daha sürətli aşkarlanması və onlara operativ reaksiya verilməsi mümkün olacaq. Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyətə başlamasından sonra ölkənin kiberhücumlara qarşı müdafiə gücündə bir sıra ölçülə bilən dəyişikliklərin ola biləcəyini gözləmək olar. Bundan əlavə, keçirilən təhlükəsizlik auditlərinin nəticələri, risk qiymətləndirmələrinin göstəriciləri və istifadəçilərin məlumatlılıq səviyyəsi də effektivliyin ölçülməsi üçün mühüm indikatorlar hesab edilə bilər. Agentliyin fəaliyyətinin effektivliyi müxtəlif göstəricilər əsasında qiymətləndirilə bilər. Bunlara kiberinsidentlərə cavab vermə müddətinin azalması, qarşısı alınan hücumların sayının artması, kibertəhlükəsizlik standartlarının tətbiq səviyyəsinin genişlənməsi və beynəlxalq kibertəhlükəsizlik reytinqlərində Azərbaycanın mövqeyinin yaxşılaşması daxildir”, – deyə ekspert B.Əliyev diqqətə çatdırıb.
O qeyd edib ki, uğurlu kiberhücumlar dövlət xidmətlərinin fəaliyyətini poza, iqtisadi itkilərə səbəb ola, kritik infrastrukturların işini dayandıra və vətəndaşların məlumatlarının təhlükəsizliyini risk altına qoya bilər. Müasir dövrdə kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, həm də iqtisadi və sosial sabitliklə birbaşa əlaqəli amildir. Bu baxımdan Agentliyin fəaliyyəti ölkənin rəqəmsal dayanıqlığının artırılmasına, biznes mühitində etimadın gücləndirilməsinə və investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərə bilər.
“Azərbaycan kiberhücumlara qarşı daha hazırlıqlı, rəqəmsal risklərə qarşı daha dayanıqlı və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli rəqəmsal ekosistem formalaşdırmaq imkanına malik olacaq. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik strategiyasının gücləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər. Qurumun fəaliyyətinin effektiv təşkili, şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması, şəxsi məlumatların müdafiəsi ilə təhlükəsizlik tələbləri arasında balansın təmin edilməsi və digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət ölkənin kibertəhlükəsizlik sahəsində dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq”, – deyə ekspert əlavə edib.
