Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixə, dil və mədəniyyət birliyinə, mənəvi dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan möhkəm təməl üzərində formalaşıb. Xəzər dənizinin iki sahilində yerləşən qardaş xalqlar əsrlər boyu sıx əlaqələr saxlayıb, müstəqillik illərində isə bu münasibətləri yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldiblər. Azərbaycan ilə Türkmənistan arasında 1992-ci ildə qurulan diplomatik əlaqələr bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf edən nümunəvi tərəfdaşlıq modeli kimi qiymətləndirilir. Türkmənistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, postmüharibə dövründə də qardaş həmrəyliyi nümayiş etdirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib.
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin və bu çərçivədə keçirilən yüksəksəviyyəli görüşlərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat xatırladıb ki, xüsusilə Prezident İlham Əliyevin mətbuata bəyanatı iki qardaş dövlət arasında münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngin oldu. Çıxışda Azərbaycan-Türkmənistan münasibətlərinin dayanıqlı əsaslar – tarixi bağlar, mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, məhz bu amillər iki ölkə arasında qarşılıqlı etimadın və yüksəksəviyyəli siyasi dialoqun formalaşmasında mühüm rol oynayır.
Dövlətimizin başçısı Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Bu xüsusda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun xidmətlərini xüsusi vurğulayaraq ona təşəkkürünü bildirib. Bu minnətdarlıq qardaş ölkənin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa prosesinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.
“Bu çərçivədə siyasi əməkdaşlığın əhəmiyyətinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ölkələr arasında əldə olunan uğurların əsasında, ilk növbədə, qarşılıqlı siyasi iradə və etimad dayanır. Dövlətimizin başçısının sözləri ilə desək, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Bu fikir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinin siyasi dialoq və qarşılıqlı dəstək olduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında, həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunması məsələsində göstərdiyi fəal dəstəyə görə də minnətdarlığını ifadə etdi. Bu dəstək Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi, Türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi və regional əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyən ölkələrdir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək ölkələrimizin strateji maraqlarının uzlaşdığını və qlobal məsələlərə münasibətdə oxşar yanaşmalara malik olduğunu göstərir”, – deyə S.Novruzov vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika, enerji təhlükəsizliyi, ticarət, humanitar əlaqələr və regional əməkdaşlıq sahələrində geniş perspektivlər mövcuddur. Xəzər regionunda həyata keçirilən layihələr, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının səmərəli istifadəsi və yeni iqtisadi imkanların yaradılması istiqamətində birgə fəaliyyət ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirir.
Deputatın sözlərinə görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, Azərbaycan-Türkmənistan münasibətlərinin isə strateji tərəfdaşlıq və qardaşlıq prinsipləri əsasında daha da möhkəmləndiyini bir daha təsdiqlədi.
