Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı türk xalqları arasında əməkdaşlıq ənənələrinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay tarixdə ilk dəfə müxtəlif türk xalqlarının nümayəndələrini Bakıda bir araya gətirərək humanitar əməkdaşlığın əsaslarını formalaşdırıb. Həmin dövrdə müzakirələr əsasən dil və mədəni kimlik məsələlərinə həsr olunsa da, bu gün əməkdaşlığın gündəliyi daha da genişlənib.
Politoloq qeyd edib ki, hazırda türk dövlətlərini təkcə ortaq tarixi və mədəni dəyərlər deyil, həm də ümumi maraqlar və vahid inkişaf istiqamətləri birləşdirir. Onun fikrincə, Birinci Türkoloji Qurultayın keçirildiyi dövrdə siyasi reallıqlar fərqli idi və bu səbəbdən həmin təşəbbüs davam etdirilə bilmədi.
İlqar Vəlizadə vurğulayıb ki, bu gün Azərbaycan həmin ənənələri yeni şəraitdə yaşadır, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verir və Türk dünyası üçün geniş əməkdaşlıq platforması təqdim edir.
Onun sözlərinə görə, “Türk Dünyası Həftəsi” nəsillər arasında ideya varisliyinin nümayiş etdirilməsi, humanitar dialoqun inkişafı və türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
